Bu gündən etibarən Futbolinfo.az saytında “Onunla bir gün” adlı yeni rubrikanı təqdim edirik. Bu rubrika vasitəsi ilə futboçuları bir insan kimi daha yaxından tanıyacaqsız. İlk qonağımız isə “Bakı”nin gənc müdafiəçisi Şəhriyar Əliyevdi.
 
– Özünü təqdim edərdin…
– Əliyev Şəhriyar. 25 dekabr 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. Amma əslim qarabağlıdı, zəngilanlıyam. Ancaq oraları heç görməmişəm.
 
– Ailənin neçənçi uşağısan?
– Biz 3 qardaşıq. Atam, anam və 3 qardaş Ən balaca mənəm. Necə deyərlər “sonbeşik”…
 
– “Sonbeşik” uşaqlar cox sevilir və ərköyün olurlar.
– Evdə məni hamıdan çox istəyirdilər. Amma qardaşım uşaqları olana qədər. Nəvələr gələndən sonra mən yaddan çıxdım.
 
– Nəvə demişkən, bəs sən nə vaxt evlənməyi planlaşdırırsan?
– Evlənmək üçün məncə, bir az tezdi. İnşallah qismət olar.
 
– Sevgilin var?
– Keçmişdə olub. Amma indi yoxdu.
 
– Romantik birisən deyəsən?
– Bəli, romantik demək olar.
 
– Romantik insanlar daha çox musiqi sevir. Bəs sən?
– Düzdü uşaq vaxtı daha çox qulaq asırdım. O vaxtlarda sevirdik və qızların bizə "hə" cavabını verməsi bizləri daha da romantik mahnılar dinləməyə vadar edirdi. Hazırda o qədər də dinləmirəm.
 
– Bəyəndiyin müğənni hansıdı?
– Azərbaycanda Röya deyərdim. Ən çox türk mahnılarına qulaq asıram. Oradan isə Tarkan deyərdim.
 
– Mahnı dinləyərkən ağladığın vaxt olub?
– Xeyr. Amma mahnılar bir az insana təsir edir.
 
– Keçmişi yada salır?
– Bəzən olur.
 
– Belə başa düşdüm ki, həssas birisən. Ümumiyyətlə öz xasiyyətin barədə nə deyə bilərsən?
– Bəli, bir az həssasam. Tez küsüb, tez barışan biriyəm. Küsülü qalmağı bacarmıram. Kimsənin xətrinə dəyməyi əsla sevmirəm. Amma bir az da utancağam.
 
– Özündə ən sevdiyin və sevmədiyin xasiyyət hansıdı?
– Bəyəndiyimi deyə bilmərəm. Bəlkə də deməyim düzgün çıxmaz. Ən pis xasiyyətim utancaq olmağımdı.
 
– Səni daha çox özündən nə çıxarır?
– Bəzən olur ki, hansısa insan bilmədiyi bir şey olur. Amma onun müzakirəsi zamanı nədəsə israr edir. Məni indiyə kimi ən çox əsəbləşdirən insan Nurlan Novruzovdu.
 
– Niyə?
– Yaşca məndən balacadı. Həmişə bir yerdə qalırıq. Məni əsəbləşdirməyi çox yaxşı bacarır. Əsəbləşdirir, sonra da qucalayır və qardaş deyir.
 
– Yeri gəlmişkən futbolçu dostların var?
– Ən yaxın dostum elə Nurlan Novruzovdu.
 
– Dostluq sənin üçün nədi? Dost dediklərindən zərbə almısan?
– Yox, dost seçimində yanılmamışam. Dost seçərkən gərək düzgün seçim edəsən. Biləsən ki o insan sənə görə ürəyini belə verməyə hazırdı. Allaha şükür, hələ ki dost seçimində yanılmamışam.
 
– Futboldankənar vaxtlarını necə keçirirsən?
– Vaxt olduqda ən çox ailəmin yanında oluram.
 
– Hobbin var?
– Dostlarımla domino oynamaq.
 
– Ən çox udursan, yoxsa uduzursan?
– Uduram, sonra da zarafat edirəm…(gülür)
 
– Bəs həyatda uduzmusan?
– Həyatda heç nə uduzmamışam. Uduzmağı sevmirəm. Hər şey üçün mübarizə aparıram.
 
– Həyatda başına gələn ən pis və ən yaxşı hadisə hansıdı?
– Ən pis hadisə ayağımın sınması olub. İndi də çiynim sınıb. Ən yaxşı isə futbola başlamağım olub.
 
– Futbolçu olamasaydın, hansı peşəni seçərdin?
– Futbolçu olmasaydım, həkim olardım. Amma futbol hamısından yaxşıdı.
 
– Bəs məktəbi necə oxuyurdun?
– 4-cü sinifə kimi 5 alırdım. Futbola getdim, sonra dərs yaddan çıxdı. Futbolu seçdim.
 
– Universitetə hazırlaşmadın?
– Hazırlaşdım. Amma daxil oldum İdman Akademiyasına. Onu da başqasından köçürmüşdüm…(gülür)
 
– Həqiqətən etiraf edirsən, yoxsa zarafata?
– Yox düzünü deyirəm. Yalan danışmaq günahdı.
 
– Deyəsən, dinlə də bağlı nələrisə bilirsən?
– Bəli az da olsa, bilirəm.
 
– Namaz qılırsan?
– Bəli 3-4 il olar.
 
– Ailəndə namaz qılan var? Yoxsa özün seçdin?
– Bəli, anam və qardaşım. İlk dəfə xalam oğlunda gördüm və xoşum gəldi. O, öyrətdi, sonra mən də qılmağa başladım.
 
– Heç dinə gətirdiyin insan olub?
– Bəli, dostum.
 
– Məcbur edən biri deyilsən. Bəs özün necə – məcbur olduqda reaksiyan necə olur?
– Dində məcburiyyət yoxdu. Hər şeyi özü görməlidi.
 
– Həyatda keçə bilməyəcəyin şey nədi?
– Həyatda keçə bilməyəcəyim söz valideyinlərimin sözüdü. Mən dünyaya göz açanda anam məni “şala” bükmüşdü, hələ də onu evdə saxlayıram və hər gün onunla yatıram.
 
– Evdə ən çox kimi sevirsən?
– Hər kəsi
 
– Geyimlərə, fərqli saç düzümlərinə, maşınlara marağın var?
– Maşın sürməyə həvəsim olmayıb. İndi də yoxdu. Geyimi xoşlayıram. Almağa gedəndə tək getməyi xoşlamıram. Dostlarımla gedirəm. Saça da marağım var, həmişə stili dəyişəndə dostlarım yaraşmadığını deyirlər.
 
– Geyimdə hansı stili xoşlayırsan?
– Ən çox idman stilində geyinirəm. Arada klassik geyim də geyinirəm.
 
– Film izləməyi xoşlayırsan?
– Xeyr, vaxt olmur.
 
– Yəqin ki kitab oxumağa da vaxt olmur.
– Kitab oxuyuram. Ən çox dini kitablar.
 
– Oxuduğun bədii kitab var?
– Xeyr.
 
– Yeməklə aran necədi?
– Əla.
 
– Ən çox sevdiyin yemək hansıdı?
– Yarpaq dolması. Amma mən ona “cıqqılı” dolma deyirəm… (gülür)
 
– Bir futbolçuya bu sualı verməsəm, olmaz. Hansı klubun azarkeşisən?
– “Qalatasaray” və “Barselona”.
 
– Ən çox bəyəndiyin futbolçu kimdir?
– Puyol və Pike.
 
RÖYA KƏRİMLİ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp