Bu gün Topaz Premyer Liqasında 34-cü turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, ötən turlarda olduğu kimi, bu dəfə də bütün qarşılaşmalar eyni gündə baş tutacaq.
 
Tura "Qəbələ" – "Bakı" matçı ilə start veriləcək. Avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparan komandalar 3 xal üçün döyüşəcəklər. Yuri Syominin yetirmələri qələbə qazanarsa, 4-cü pillədəki yerini qoruyacaq. Kubokun finalında "Neftçi" ilə qarşılaşacaq "Qəbələ" üçün mövsümü bu pillədə başa vurmaq, beynəlxalq arenada mübarizə aparmağa şərait yaradacaq. Heç bir iddiası olmadığını bildirən Milinko Pantiç isə səfərdən qələbə ilə dönərsə, "qırmızı-qaralar"la xalını bərabərləşdirəcək. Onu da bildirək ki, son 5 oyunda meydanı qolsuz tərk etməyən “Qəbələ” bu matçlarda rəqibinə uduzmayıb. Əyalətdəki son 3 qarşılaşmanın hərəsində iki qol vurulub. Bütövlükdə bu komandaların duellərində "Bakı"nın 12, "Qəbələ"nin 5 qələbəsi var. Daha 5 görüşdə heç-heçə qeydə alınıb. Top fərqində də paytaxt təmsilçisi öndədi – 27-19.
 
Növbəti 3 qarşılaşma isə eyni vaxtda start götürəcək. Şüvəlanda AZAL "Neftçi"ni qəbul edəcək. Cari çempionatda sonuncu qələbəsini 18-ci turda "ağ-qaralar" üzərində qazanan "təyyarəçilər" budəfəki sınaqdan da üzüağ çıxmağa çalışacaq. Qeyd edək ki, 2-ci dövrənin sonuna təsadüf edən oyunda hər iki komandanın baş məşqçisi fərqli idi. "Neftçi" Nazim Süleymanovun baçılığı ilə meydana çıxmışdısa, AZAL-a Vaqif Sadıqov rəhbərlik edirdi. Bu görüşü maraqlı edən amillərdən biri də məhz məşqçilərlə bağlıdı. Bu dəfə isə Şüvəlan klubu "Neftçi"nin məşqçisi olmuş Tərlan Əhmədovun rəhbərliyi altında meydana çıxacaq. Paytaxt derbisində aşkar üstünlük “Neftçi”nin tərəfindədi. Bu komandanın 11 qələbəsi olduğu halda, "təyyarəçilər" cəmi 4 dəfə eyni uğura imza ata bilib. Daha 6 qarşılaşmada isə qalib müəyyənləşməyib. Son 9 dueldə heç-heçə etməyən Bakı klublarının hər ikisi bu görüşlərdə meydanı qolsuz tərk etmir. Bütövlükdə, "Neftçi"nin əvvəlki oyunlarda vurduğu 36 qola AZAL 18 topla cavab verə bilib.
 
Eyni saatda başlayacaq oyunda "Sumqayıt" "Xəzər Lənkəran"ın qonağı olacaq. Heç bir iddiası olmayan, "Rəvan" qarşısına Mustafa Dənizlisiz çıxan "ağ-yaşıllar" bu dəfə də gənc komanda üzərində qələbə qazanmağa çalışacaq. Bu qarşılaşma "Sumqayıt" üçün daha vacibdi. Belə ki, Aqil Məmmədovun komandası imtahandan üzüağ çıxarsa, autsayder "Rəvan"la xal fərqini bir qədər də artırmış olacaq. Bu görüş komandalar üçün yubiley olacaq. 10-cu duel ərəfəsində “Xəzər Lənkəran” böyük üstünlüyə malikdi. Bölgə təmsilçisi 4 dəfə qələbə qazandığı halda, "Sumqayıt" cəmi 1 dəfə belə uğur qazanıb. Digər 4 qarşılaşmada isə tərəflər 1 xalla kifayətlənməli olublar. Cənublular cari mövsümdə hər 3 matçda rəqib qapısına yol tapa bilib. Geridə qalan oyunlardakı top fərqində də "ağ-yaşıllar"ın göstəricisi daha yaxşıdı – 14:9.
 
"Rəvan" da doğma meydanda "Simurq"la münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşma meydan sahibləri üçün əhəmiyyətlidi. Çünki Güvənç Kurtarın yetirmələri 3 xal əldə edərsə, Lənkəranda baş tutacaq oyunun nəticəsindən asılı olaraq, sonuncu pillədən xilas ola bilər. Lakin qonaq komandanın artıq heç bir iddiası qalmadığından Georgi Çixradze xal ehtiyatını artırmaq üçün meydana çıxacaq. Onu da bildirək ki, “Simurq” indiyədək uduzmadığı rəqiblə matçlarda böyük üstünlüyə malikdi. Zaqatala klubu bu rəqibinə 5 dəfə qalib gəlibsə, digər 4 oyun da "sülh"lə bitib. Son 4 qarşılaşmada bakılılar qol da vura bilməyib. "Simurq"un vurduğu 12 qola indiyə qədər "Rəvan" sadəcə, 3 topla cavab verib.
 
Turun və günün son qarşılaşması isə mərkəzi arenada baş tutacaq. Turnir cədvəlinin hazırkı lideri və çempionluğa ən real namizəd "Qarabağ" "İnter"i sınağa çəkəcək. Bu görüş əhəmiyyətinə görə digər oyunlardan üstündü. "Bankirlər" səfər oyunundan 3 xalla dönərsə, liderlə xal fərqini 3-ə endirəcək. Bu isə Ağdam klubunun çempionluq üçün sevinmələrini bir az da ləngidə bilər. Əgər "köhlən atlar" bu turu qələbə ilə başa vurarsa, artıq çempionluğu rəsmiləşdirəcək və növbəti turların nəticəsindən asılı olmayaraq, mövsümün qalibi olacaq. Bu səbəbdən istər liderə çatmaq, istər çempionluq baxımından mərkəzi oyun hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir. 4 ildi rəqibini məğlub edə bilməyən “İnter” son 14 matçda qələbə həsrətindədi. 39-cu duel öncəsi böyük üstünlüyə malik “Qarabağ” cari mövsümdəki oyunlarda da 3 qələbə qazanıb. Bütövlükdə, Ağdam klubunun bu rəqibi üzərində 17 qələbəsi var. Daha 12 qarşılaşmada heç-heçə qeydə alındığı halda, "İnter" 9 qələbə qazanıb. Top fərqi də "Qarabağ"ın lehinədi – 42-25.
 
Topaz Premyer Liqası
34-cü tur
7 may (çərşənbə)
 
17:00. Qəbələ – Bakı
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu.
 
18:00. Rəvan – Simurq
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, İsgəndər Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “Bayıl Arena”.
 
18:00. AZAL – Neftçi
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “AZAL Arena”
 
18:00. Xəzər Lənkəran – Sumqayıt
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Rahil Ramazanov, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu
 
19:00. Qarabağ – İnter
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mehman Mahmudov, Ramil Əhmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 

1 Qarabağ 33 20 9 4 61 17 +44 69
2 İnter 33 19 6 8 56 32 +24 63
3 Neftçi 33 16 7 10 46 41 +5 55
4 Qəbələ 33 16 6 11 42 34 +8 54
5 Bakı 33 14 9 10 48 38 +10 51
6 Simurq 33 11 11 11 33 25 +8 44
7 XL 33 10 12 11 36 45 –9 42
8 AZAL 33 6 12 15 28 45 –17 30
9 Sumqayıt 33 4 10 19 24 54 –30 22
10 Rəvan 33 3 10 20 18 61 –43 19
 
Bombardirlər:
19 – Reynaldo (Qarabağ)
14 – Vaqif Cavadov (İnter)
11 – Daniel Subotiç (Qəbələ)
10 – Draqan Çeran (Simurq), Etame Mbilla (Xəzər Lənkəran)
9 – Baçana Sxadadze (İnter), Leroy Corc (Qarabağ)
8 – Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Con Oluremi (AZAL).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp