"Xəzər Lənkəran"ın cari mövsümdəki uğursuz çıxışından sonra azarkeşlər yenə də "Rednik, Rednik" şüarları səsləndirməyə başlayıb. Vaxtilə bu komandanı çalışdırmış, əyalət klubu ilə birgə Azərbaycan kubokunun qalibi və Premyer Liqanın gümüş medalçısı (2010/11) olmuş Mirça Rednikin cənublu fanatlar tərəfindən necə sevildiyini elə o, komandadan ayrılandan bəri görmüşük. Ancaq "ağ-yaşıllar"da çalışan Ağasəlim Mircavadovun, Yunis Hüseynovun nailiyyətləri heç də Mirçadan geri qalmır. Maraqlı məqam ondan ibarətdi ki, nəyə görə lənkəranlı azarkeşlər stadionda hər zaman Redniki səsləyir, onun komandaya başçılıq etməsini istəyir. Bunun səbəbi nədi? Bəlkə bu, rumın cadusudu? Biz də məhz bu məsələyə aydınlıq gətirmək üçün kiçik bir sorğu aparmaq qərarına gəldik.
 
Jurnalist mövqeyi:
 
İlkin Fikrətoğlu (ATV): "Təbii ki, sualın dəqiq cavabını lənkəranlı fanatlar verə bilər. Eşitdiyimə görə, "Xəzər Lənkəran" azarkeşləri Redniki təkcə işinə görə yox, həm də yüksək insani keyfiyyətlərinə görə sevir. Onun səmimiyyəti, ünsiyyətcilliyi, sadəliyi Redniki lənkəranlı fanatlara sevdirib. Komandaya qazandırdığı titullar da öz yerində".
 
İlk yerli məşqçisi:
 
Nazim Süleymanov: "Çox maraqlıdı, gözəl sualdı. Mənə elə gəlir ki, burada bəzi görünməyən tərəflər də var. Bəlkə də görürük, amma açıqlaya bilmirik. Yəqin Rednik həm azarkeş, həm klub üçün nəsə edib ki, onu dəstəkləyirlər. Adam dərinə getmək istəmir ki, birdən boğular. İnsanların qəlbində ola bilmirik. Mənə elə gəlir ki, zamana ehtiyac var. Düşünürəm ki, gələcəkdə Azərbaycanda yalnız yerli məşqçilər işləyəcək, sadəcə, zaman ehtiyac var".
 
XL ilə ən çox uğur qazanan yerli baş məşqçi:
 
Ağasəlim Mircavadov: "Rednik əcnəbidi, biz isə yerliyik. Bizimkilərə xarici lazımdı. Mən orada uğur qazanmışam, təmiz işləmişəm. Tarix göstərir ki, istər əvvəlki dönəmlərdə, istər indi uğurlar yerli məşqçilərlə qazanılır. Onu azarkeşlərdən soruşsaz, daha yaxşı olar".
 
Son yerli baş məşqçi:
 
Yunis Hüseynov: "Hər bir məşqçinin öz pərəstişkarları var. Yəqin ki, Redniki bizdən daha çox istəyirlər. Hanısa azarkeşə deyə bilməzsən ki, sən niyə mənim adımı demirsən, Redniki çağırırsan. Mən orada cəmi 7-8 ay işlədim. Rednikin bizdən artıq nailiyyət verdiyini demək olmaz, amma onu azarkeşlərlə bağının nə olduğunu da deyə bilmərəm. Mən işlədiyim vaxtda Avropa Liqasında 1-ci təsnifat mərhələsini keçdik, çempionatda 2-ci yeri tutduq. Amma azarkeşlərin Rednikə bu cür sevgisinin səbəbini deyə bilmərəm".
 
Azarkeş mövqeyi
 
Ramal Novruzov ("Caspian Ultras"): "Çünki Rednik ən güclü heyəti qurmuşdu. Mirçanın qurduğu heyəti Yunis Hüseynov dağıtdı. Ağasəlim Mircavadov "Xəzər Lənkəran"la çempion olub, amma qurduğu heyət o qədər də güclü deyildi. Rednik özünü sevdirən yeganə məşqçi, azarkeşləri həmişə dinləyən bir insan idi. Həm də Rednik yeganə məşqçi olub ki, o "istefa" səsləndirilmədən getdi".
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp