"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov futbolinfo.az saytna müsahibəsində komandanın son vəziyyətinə aydınlıq gətirib:
 
– "Bakı"da maaşların verilməməsi, futbolçuların buna etiraz etməsi xəbərləri dolaşır. Klubda nə baş verir?
– Mən tam səmimi olaraq deyirəm ki, bu informasiyaları verənlər "Bakı"nı istəməyənlərdi. Mənim üçün maraqlıdı, bütün klublarda gecikmələr olur, futbolçular bir arada məsləhətləşirlər, amma yalnız "Bakı" haqqında bu cür yalnış məlumatlar yazılır. Mən bunların hardan qaynaqlandığını və hansı məqsədi güddüyünü yaxşı bilirəm. Lakin onları təəssüfləndirməliyəm, arzuları ürəyində qalacaq. Çünki "Bakı" baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında tam heyətlə Qəbələdədi.
 
– Düzdü, hər yerdə müəyyən müddətə əməkhaqqıların gecikməsi var. Amma "Bakı"da 3-4 aydan söhbət gedir…
– Məsələ orasındadı ki, çox şişirdirlər. Bunlar yalnış məlumatdı. Sadəcə, bu, bizi istəməyən, komanda daxilində ab-havanı pozmaq istəyənlərin işidi. Mən bir klub rəsmisi kimi bunları çox gözəl bilirəm. Ancaq onların dedikləri alınmayacaq.
 
– "Bakı"nı istəməyənlər dediniz. Onlar kimlərdi?
– "Bakı"nı istəməyənlər onun haqqında həqiqəti əks etdirməyən məlumat verənlərdi. Mən özünü "Bakı"ya yaxın biri kimi qələmə verib, şantaj dolu məlumat yayanları nəzərdə tuturam, bunu da özləri yaxşı bilir.
 
– Həmişə səfər oyunlarına bir neçə gün əvvəl yollanırdınız. Bu dəfə niyə oyun günü Qəbələyə getdiniz?
– Bəli, adətən komanda bir neçə gün əvvəl gedir. Lakin belə qərara gəldik ki, səhər gedək, oteldə qalaq, istirahət edək. Yəni buna bütün komanda birgə qərar veribdi. Burada heç bir problem yoxdu.
 
– Tam heyətlə Qəbələyə getmisiz, amma heç bir iddianız yoxdu. Tək yol avrokuboklardı, amma Pantiç hər dəfəsində bu mövsüm hədəfinin olmadığını bildirir. Baş məşçidən fərqli olaraq, siz necə düşünürsüz, avrokuboklara getmək olar?
– Bu gün komanda "Qəbələ"yə qarşı tam əzmkar mübarizə aparacaq. Yalnız çempionatın sonunda bləcəyik ki, avrokuboklara gedə bilərik, ya yox. Ancaq bu mövsüm komanda avrokuboklara gedə bilməsə də, güclü bir faciə baş verməyəcək. Komanda növbəti illərdə avrokuboklarda uğur qazanacaq.
 
– Deməli növbəti mövsüm "Bakı" ən azından avrokuboklar üçün oynayacaq?
– Bəli, "Bakı" gələn mövsümdən hədəfi üçün mübarizə aparacaq.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp