“Bakı” yenə qarışıb. Futbolçuların guya qiyam etdiyi, Qəbələyə oyuna getməkdən boyun qaçırdığı, rəhbərliyin guya təcili iclas keçirdiyi deyilir. Deyilir, söylənilir, bu barədə söhbət gəzir və… təkzib edilir.
 
Doğrusu, bütün bunların qiyam səviyyəsinə qaldırılmasının, üsyan kimi təqdim edilməsinin məqsədli olduğunu düşünürəm. Avrokuboklara vəsiqə üçün bəlkə də həlledici matç ərəfəsində yaradılan bu söz-söhbət daha çox “Qəbələ”nin işinə qaramalıdı. Ancaq mən bunun əyalət klubunun mətbuata ötürdüyü dezinformasiya, rəqib düşərgədə ab-havanı pozmaq cəhdi olduğuna da inanmlram. Bu, elə “Bakı”nın içində partlayan bombadı.
 
Ola bilsin, paytaxt klubunda vəziyyət həqiqətən də kritikdi. Amma onsuz da bu durum artıq neçə aylardı davam edir və dəyişən bir şey yoxdu. Bəlkə də indi kimsə əvvəlkindən daha möhkəm öskürüb, ancaq bu da qiyam səviyyəsində təqdim olunacaq durum deyil. Sadəcə, “Bakı”da mövqe mübarizəsi aparanlar hərəsi vəziyyəti öz xeyrinə dəyişmək üçün cəhd edir. Budəfəki söz-söhbət isə Milinko Pantiçin bir çox əcnəbilərə şans verməməsi nəticəsində əli çörəkdən kəsilənlərin yaradıcılıq məhsuludu. Yozsa ki, Edin Nureddinoskinin olub-olmamasının, qalıb-qalmamasının, gedib-getməməsinin məsələyə nə dəxli var? Bu qapıçı onsuz da bir ildi Hafiz Məmmədovun pullarını yeyib-yatmaqla məşğuldu. Digər əcnəbilər, yerli futbolçular da ciddi nə iləsə fərqlənmir. Adamda qiyam etməyə belə üz olmalıdı, onun üçün zəruri şərait yaranmalıdı. Amma “Bakı”da xərclənən pulun qarşılığı turnir cədvəlində əksini tapmırsa, qiyam etməli adam elə Hafiz bəydi, futbolçu və ya məşqçilər yox.
 
Qiyama səbəb kimi maddi problemlər, maaşlarda gecikmələr göstərilir. Bu, yeni xəbər deyil ki. Maaşlar həmişə gecikib, amma nədənsə məhz “Qəbələ” ilə həlledici matç ərəfəsində bu, şişirdilir. Ona qalsa, “Neftçi” 4 aydı mətbuata ayırdığı reklam pullarını vermir, AFFA-ya cərimələrini şdəyə bilmir, futbolçuları son 10 qələbənin mükafatını almayıb; “Sumqayıt” futbolçuları yanvardan bu yana maaş almayıb; “Rəvan”da da son iki ayda maaşlarda gecikmələr olduğu şayiələri var; “Qəbələ” və bir neçə digər klubumuzda vəziyyət ideal deyil. Yəni, problem hər yerdə var, sadəcə, hər dəfə “Bakı”dakı hadisələr qabardılır ki, bu da klubdaxili qüvvələrin vətəndaş müharibəsinin nəticəsidi: onlar arasında şantaj və informasiya müharibəsi gedir.
 
“Bakı” Qəbələdədi və gərgin durumun stressini təmiz havada atmağa çalışır. Az sonra oyuna çıxacaq və klubun gələcək taleyində mühüm rol oynayacaq matça çıxacaqlar. Ancaq inanın ki, bu oyundakı nəticə belə böyük anlamda heç nəyi dəyişməyəcək. Çünki qatar çoxdan gedib, onun axırıncı vaqonuna çatmaq üçün yıxıla-yıxıla qaçmağın heç bir mənası yoxdu. Hafiz bəy qardaşı Zeynal Məmmədovun klubdakı vəzifə və səlahiyyətlərini dəqiqləşdirənə kimi belə də olacaq. Ya da klub olmayacaq…
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp