Topaz Premyer Liqasının 34-cü turunda doğma meydanda "Bakı" ilə qarşılaşan "Qəbələ" Avropa Liqasına vəsiqəni təmin edib. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"a 3:1 hesabıyla qalib gələn bölgə təmsilçisi qalan oyunlarında məğlub olsa belə, yenə avrokuboklarda iştirak edə biləcək.
 
Maraq üçün qeyd edək ki, hazırda "Qəbələ"nin sadəcə, Avroliqanın hansı mərhələsindən mübarizəyə başlayacağı sual doğurur. Əgər Yuri Syominin komandası Azərbaycan Kubokunun finalında "Neftçi"yə qalib gəlsə, mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Kuboku qazana bilməyəcəyi halda isə "Qəbələ" yalnız çempionatda 4-cü yeri tutmaqla Avroliqanın ilk təsnifat mərhələsindən mübarizəyə qoşulmaq məcburiyyətində qalacaq.
 
Sonda onu da bildirək ki, "Qəbələ" tarixində ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil edəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp