"Bakı"nın yarımmüdafiəçisi Əfran İsmayılovun futbolinfo.az saytına müsahibəsi
 
– Öncə komandanızın ətrafında gəzən söz-söhbətlərə münasibət bildirmənizi istərdik…
– Bu söhbət çox şişirdilir. Hər klubda xırda problemlər olur. Düzü, bu söhbətin bu qədər şişirdiləcəyini gözləmirdik. Ciddi bir şey yoxdu. İndiyə qədər heç kim heç kimə borclu qalmayıb. Ola bilər ki, 10-15 gün maaşların verilməsində gecikmə olsun. İnanıram ki, tezliklə kimə nə çatacaqsa, hamısı veriləcək. Əsas odu ki, öz oyunlarımızı fikirləşək. Qalanları düzələn məsələlərdi.
 
– Qeyd etdiz ki, gecikmə 10-15 gün çəkib. Ancaq bizdə olan dəqiq məlumata görə 3 aydı maaş almırsız…
– Dəqiq məlumatdı. Bir az işləri, sıxıntıları var. Bu da başadüşüləndi. Təkcə bizdə deyil. "Qəbələ"də də, "Neftçi"də də bu probmlemlər var. Ancaq həmin adamı siz də çox gözəl tanıyırsız. Bilirsiz ki, heç vaxt heç kimə borclu qalmayıb. Mən 10-15 gün onu nəzərədə tuturam ki, pullar o vaxt veriləcək. Yəni, bizimlə elə danışılıb.
 
– Yəqin siz də hiss etdiz ki, pulun gecikməsi, son olaylar "Qəbələ" ilə oyunda öz mənfi təsirini göstərdi?
– İnanırsız, pulun gecikməsinin oyuna dəxli yoxdu. Yenə də deyirəm ki, "Qəbələ"də də, "Neftçi"də də pul gecikir. Düzdü, "Qəbələ" bizi məğlub etdi. Amma buna başqa bəhanə gətirmək lazım deyil. Əsas odu ki, komandamız zəif oynadığı üçün məğlub olur.
 
– "Bakı" qış fasiləsindən sonra uğurlu start götürmüşdü. Ancaq son turlarda uğursuz nəticələr əldə edirsiz. Bəs, bunun səbəbi maliyyə problemləri deyilsə, nədi?
– Mənimlə yanaşı, Rauf Əliyev, Cavid Hüseynov yox idi. Ona görə də hüçumda üstünlük əldə edə bilmirik. Onların olmaması komandanın oyununa pis təsir edir. Hər oyuna müxtəlif heyətlə çıxırıq. Buna görə də nəticə qazana bilmirik.
 
– Artıq komandanızın avrokuboklara vəsiqə qazana bilməyəcəyi dəqiqləşdi…
– İndiyə kimi qəbul etmirdim. Buna qədər Avropa Liqasına gedəcəyimizə inanırdım. Avrokuboklara getməyimizi çox istəyirdim. "Qəbələ" isə həqiqətən də Avroliqaya getməyə layiq komandadı. İnşallah, Azərbaycanı yaxşı şəkildə təmsil edərlər.
 
– Rauf Əliyevlə Cavid Hüseynov bildiyimiz qədəri ilə zədəlidi…
– (sözümü kəsir) Heç birinin zədəsi yoxdu. Şükür Allaha, hər şey qaydasındadı. Ola bilsin ki, xırda problemlər var. Həm də zədəsini tam sağalda bilmədiyi üçün gələ bilmədilər. Komanda ilə məşq edirlər. Ancaq tam bərpa olmayıblar. 
 
– Yəqin ki, siz də qəbul edərsiz ki, bu oyunda Rauf Əliyevin komandanın kapitanı olduğu üçün kənardan da olsa, mənəvi dəstək olması vacib idi…
– Gəlmək istəyirdi. Ancaq niyə gəlmədiyini bilmədim. Dünən bir yerdə oturmuşduq. Mənə gəlmək istədiyini bildirmişdi. Onun bura gəlməmə səbəbini baş məşqçidən soruşsaz, daha yaxşı olar.
 
– "Bakı"ya keçdiyiniz üçün peşmanlıq hissi çəkmirsiz?
– Heç bir peşmanlıq hissi yoxdu. Nə peşmanlıq hissi çəkə bilərəm ki? "Bakı" həmişə iddialı komanda olub. "Rəvan"a da getsəydim, peşman olmazdım. Öz seçimimimə hörmətlə yanaşıram.
 
– Keçmiş komandanız çempion oldu…
– "Bakı"dan sonra azarkeşlik etdiyim komanda "Qarabağ"dı. Çempion olmalarını çox istəyirdim. O qədər çempionluq haqda danışdılar ki… İnşallah, zəng edib hamısını təbrik edəcəm.
 
– "Bakı" ilə müqavilənizin bitməsinə nə qədər qalıb? Başqa komandalardan təkliflər var?
– Hələ 1 il burdayam. "Bakı"nın uğurları üçün çalışmalıyam. Başqa komandalardan təklif olsa da, bura olan borcumu ödəməliyəm. "Bakı" istəsə, məni buraxa da bilər, buraxmaya da. Qərarı "Bakı" rəhbərliyi verəcək. Bu haqda danışmaq hələ tezdi. Çünki çempionat hələ ayın 17-nə kimi davam edəcək.
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp