Topaz Premyer Liqasında 2013/14 mövsümünün 400-cü qolu vurulub. Futbolinfo.az xəbər verir ki, yubiley qolu “Rəvan”la “Simurq” arasındakı matçda qeydə alınıb.
 
Oyunun 26-cı dəqiqəsində penaltidən vurduğu topla paytaxt təmsilçisinə 1:0 hesablı qələbə qazandıran Xuan Manuel Varea 34-cü turun və günün 8-ci qoluna imza atıb. Əvvəlki 33 turda 392 qol vurulduğundan “Rəvan”ın argentinalı legionerinin topu cari mövsümün 400-cü qolu olub.
 
Maraqlıdı ki, 300-cü qol da bu komandaların oyununda  vurulmuşdu. 3-cü dövrənin 25-cı turuna təsadüf edən oyunda Rəşad Eyyubov “Rəvan”ı məyus etməklə yubiley qoluna imza atmışdı.
 
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol AZAL-ın oyunçusu Qərib İbrahimovun, 200-cü isə onun komanda yoldaşı Con Olureminin hesabındadır. Onlar müvafiq olaraq 9-cu turun “Simurq” və 18-ci turun “Neftçi” ilə qarşılaşmalarında fərqləniblər. (PFL)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp