"Qəbələ"nin yarımmüdafiəçisi Nizami Hacıyevin futbolinfo.az saytına müsahibəsi
 
– "Bakı"nı məğlub etməklə Avropa Liqasına vəsiqəni təmin etdiz. Öncə oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– "Bakı"ya qarşı oyunun çətin olacağını öncədən də gözləyirdik. Komanda yoldaşlarıma təşəkkür edirəm. Bu gün "Qəbələ"nin Avroliqaya vəsiqə qazanmasında böyük rol oynadılar. Azarkeşlərimizi təbrik edirəm. Bizdən bu nəticəni gözləyənlərə "gözünüz aydın olsun" deyirəm.
 
– Rəqibinizin psixoloji vəziyyətinin bərbad olmas işinizə nə dərəcədə yaradı?
– Düzü, heç bu barədə düşünməmişik. Bizim üçün kiminlə oynamağımızın fərqi yoxdu. "Bakı"nın yerinə "Neftçi" də olsaydı, yenə qələbə haqqında düşünəcəkdik. Böyük klublarda belə problemlər olanda xoşagəlməz hallar yaranır.
 
– Deyilənlərə görə, "Qəbələ"də də maliyyə problemləri var. Futbolçuların maaşları gecikdirilir…
– Xeyr, maaşlarımız, mükafatlarımız vaxtı-vaxtında verilir. Kimsə nəsə deyə bilər, ancaq mən bu komandada belə hallara rast gəlməmişəm. Komandamdan çox razıyam. Bunun üçün də rəhbərliyimizə təşəkkür edirəm.
 
– "Qəbələ"nin bürünc medalları qazanmaq şansını necə dəyərələndirirsiz?
– Düzdü, belə bir şansımız var. Qarşıda bizi "İnter"lə oyun gözləyir. Çalışacağıq ki, əlimizdən gələni edib, həmin oyunda da meydandan 3 xalla ayrılaq.
 
– "Qəbələ" Avroliqaya vəsiqəni tam təmin etdiyi üçün ola bilərmi ki, ölkə kubokunun final matçı öncəsində komandanızda arxayınlıq yaransın?
– Biz Avroliqaya vəsiqə qazandıq. İndi isə kubokda qızıl medallara yiyələnmək istəyirik. Düşünmürəm ki, komandada kuboku başı üzərinə qaldırmaq istəməyən futbolçu olsun. Ardıcıl qazanılan qələbələr bizə ikiqat yüksək motivasiya verir. Şəxsən mən özüm indiyə qədər ölkə kubokunu qazanmamışam. Kuboku əldə etməyi çox istəyirəm.
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp