Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda 2014-2015-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun (AZAL PFK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Xəzər Lənkəran" FK, "Neftci" PFK, “Rəvan” FK, “Simurq” PİK) sənədlərinə baxılıb.
 
AFFA-nın Lisenziyalaşdırma Komissiyası “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları”n 9-cu maddəsinə (Buraxılış 2013) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
 
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
AZAL PFK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Xəzər Lənkəran" FK, "Neftci" PFK.
 
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
"Bakı" FK, “Rəvan” FK, “Simurq” PİK.
 
Həmçinin iclasda 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən 8 klubun ("Ağsu" FK, “Araz-Naxçıvan” PFK, “Kəpəz” PFK, "Qaradağ Lökbatan" FK, “Neftçala” FK, “Sumqayıt” FK, “Şuşa” FK, “Turan-T” İK) sənədlərinə ilkin baxış keçirilib və qərara alınıb:
 
1. Lisenziya iddiaçısı olan klublara 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilib-verilməməsi ilə bağlı qərarın çıxarılması üçün əlavə sənədlərin araşdırılması tələb olunduğuna görə həmin qərarlar növbəti iclasda qəbul olunsun.
 
2. Müvafiq klublar əlavə araşdırma üçün tələb olunan sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna 14.05.2014-cü il tarixinədək təqdim etməlidi ki, Lisenziya Komissiyası tərəfindən araşdırılıb müvafiq qərarlar qəbul olunsun.
 
3. 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klublara ("Ağsu" FK, “Araz-Naxçıvan” PFK, “Bakı” FK“, Kəpəz” PFK, "Qaradağ Lökbatan" FK, “Neftçala” FK, “Rəvan” FK, “Sumqayıt” FK, “Simurq” PİK, “Şuşa” FK, “Turan-T” İK) lisenziyaların verilib-verilməməsi ilə bağlı qərarlar Lisenziya Komissiyasının 15.05.2014-cü il tarixdə keçiriləcək iclasında qəbul olunsun.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp