Topaz Premyer Liqasının son turunda qeydə alınan nəticələr yenidən turnir cədvəlinin sonuncu pilləsinin sahibinin dəyişməsinə səbəb oldu. Futbolinfo.az xəbər verir ki, "Rəvan"ın doğma meydanda "Simurq" üzərində qələbəsi (1:0) və "Sumqayıt"ın "Xəzər Lənkəran" (4:1) səfərindən böyükhesablı məğlubiyyətlə dönməsi Aqil Məmmədovun komandasını sonuncu etdi. Qarşıda 2 tur var və xallar eyni olacağı halda, bu göstərici Güvənç Kurtara daha çox sərf edir. Bəs mövsümün sonunda kim, hansı pillədə ola bilər?
 
Sonuncu dövrəyə diqqət yetirdikdə, "Rəvan"ın dünənki matça qədər qələbə qazanmadığı görünür. Bayıl klubu Zaqatala təmsilçisi ilə keçirdiyi oyuna qədər yalnız 2 oyunda heç-heçə etmişdi ki, bu da AZAL və "Sumqayıt"la görüşlərdə qeydə alınmışdı. Qarşıda isə "aslanlar"ı səfərdə "Neftçi" və evdə "Bakı" ilə oyun gözləyir. "Neftçi"nin AZAL-la oyundan (0:0) sonra 4-cü pilləyə düşməsi güman ki, komandanın ürəyincə deyil. Mükafatçılar sırasına qatılmaq üçün sözsüz ki, növbəti turda "ağ-qaralar" "Rəvan"ı "Bakcell Arena"dan əliboş yola salacaq. "Qəbələ"nin də 35-ci turda "İnter"lə səfər oyunundan xal itirməsini gözə alan "Neftçi" bu turu 3 xalla başa vurmağa çalışacaq. Artıq Qəbələ klubu avrokubokları təmin etdiyindən böyük ehtimalla bütün diqqətini kubokun finalına yönəldəcək. Beləliklə, kağız üzərindəki statistikaya əsasən "Rəvan" "Neftçi" səfərindən xalsız dönəcək. "Sumqayıt" isə həmin turda çempion "Qarabağ"ı qonaq edəcək. Bu görüşdə Ağdam təmsilçisinin gənclər komandasına xal verə biləcəyini də göz önünə gətirmək lazımdı. Çünki çempionluğu təmin etmiş komanda artıq çıxıb istədiyi kimi, rahat oyun nümayiş etdirə bilər ki, bu da Qurban Qurbanovun komandasını 35-ci turda xalsız qoya bilər. "Sumqayıt"ın döyüşkən heyətə malik olduğunu nəzərə alsaq, turnir cədvəlinin hazırkı sonuncusu 35-ci turda yenidən autsayder mövqeyindən xilas ola bilər.
 
Premyer Liqanın cari mövsümünün sonuncu turunda da bu komandaları asan rəqib gözləmir. "Qəbələ" ilə səfər oyununa yollanacaq "Sumqayıt"ı burada çətin sınaq gözləyir. Əgər 35-ci turda Yuri Syominin komandası mükafatçılar arasında yerini möhkəmləndirsə, "Sumqayıt" bu görüşdən də xalla dönə bilər ki, bu da komandanı mövsümü sonuncu pillədə qapamaqdan xilas edəcək. Bundan başqa mayın 17-də baş tutacaq son turun oyunlarından 5 gün sonra "qırmızı-qaralar"ın "Neftçi" ilə kubokun final oyununa çıxacağını düşünsək, rusiyalı mütəxəssisin sonuncu ev oyununda komandanın tam gücündən istifadə etməyəcəyini düşünmək olar. Mövsümün son turunda "Rəvan"ın da bəxtinə asan rəqib düşməyib. "Bakı"nı qonaq edəcək Bayıl təmsilçisi son pilləyə düşməmək üçün mütləq xal qazanmalıdı. Onsuz da heç bir iddiası qalmayan "Bakı" son tur olduğundan bu oyuna çox da diqqət etməyə bilər. Hazırda klubdaxili problemlərinə başı qarışan "ağ-göylər" üçün bu oyunun heç bir əhəmiyyəti olmadığından "Rəvan" heç olmasa, meydanı 1 xalla tərk edə bilər.
 
Rəqiblərə və şanslara nəzər yetirdikdə, "Rəvan"ın mövsümü sonuncu pillədə başa vuracağını demək olar. Lakin bunlar sadəcə, kağız üzərində olan nəzəriyyədi. Futbol isə yaşıl meydanda oynanılır. Ümidvarıq ki, layiq olan uğur qazanacaq və mövsümü sonuncu pillədə başa vurmayacaq.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp