FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, aprel ayı ilə müqayisədə ciddi dəyişikliklərin olmadığı siyahıda Azərbaycan millisi də mövqeyini qoruyub.
 
Belə ki, 398 xala malik yığmamız planetin 85-ci komandasıdı. Ötən ayın 10-da da eyni göstəricilərə malik olan komandamız tarixinin ən yüksək nəticəsinə imza atmışdı. Berti Foqtsun yetirmələri özünün həmin zirvə nöqtəsində qalıb. Azərbaycanın siyahıdakı qonşuları isə Şimali İrlandiya (400 xal) və Uqanda (395 xal) milli komandalarıdı.
 
Siyahıda ciddi dəyişikliklərin olmaması ötən müddətdə millilərin rəsmi matçlarının azlığı ilə bağlıdı. Azərbaycan yığması isə bu müddətdə meydana çıxmayıb.
 
Millimizin AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərindən İtaliya 1115 xalla 9-cu, Xorvatiya 871 xalla 20-ci, Norveç 551 xalla 55-ci, Bolqarıstan 460 xalla 73-cü, Malta 204 xalla 128-cıdir. Ötən ayla müqayisədə rəqiblərimizdən biri  – Norveç 1 pillə irəliləyib, Malta isə 1 pillə geriləyib, digərlərinin mövqeyi dəyişməz qalıb.
 
Yoxlama oyunlarındakı rəqiblərimizdən 1015 xala malik ABŞ 1 pillə geriləyərək 14-cü yerə enib. 577 xala malik Özbəkistan isə 53-cü yerdə qalıb. Yığmamız amerikalılarla mayın 27-də, asiyalılarla avqustun 20-də qarşılaşacaq.
 
Keçmiş Sovet İttifaqı ölkələrindən reytinq cədvəlində ən yüksək pilləni Ukrayna tutur: 17-ci pillə, 913 xal. Rusiya 18-ci (903 xal) pillədə qərarlaşıb. Ermənistan 33-cü (750 xal), Özbəkistan 53-cü (577 xal), Belarus 83-cü (404 xal) sırada yer alıb və millimizi qabaqlayırlar. Estoniya (93; 366), Moldova (99; 325), Gürcüstan (103; 303), Litva (104; 293), Latviya (109; 273), Qazaxıstan (118; 235), Tacikistan (121; 229), Qırğızıstan (146; 148) və Türkmənistan (156; 119) isə millimizdən alt sıralarda qərarlaşıb.
Türkiyə 711 xalla 39-cudu.
 
Reytinq cədvəlinin ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya 1460 xalla 1-ci, Almaniya 1340 xalla 2-ci, Portuqaliya 1245 xalla 3-cüdü. Bütövlükdə, ilk onluq belə sıralanıb:
 
İspaniya (1460 xal), Almaniya (1340 xal), Portuqaliya (1245 xal), Braziliya (1210), Kolumbiya (1186 xal), Uruqvay (1181 xal), Argentina (1178 xal), İsveçrə (1161), İtaliya (1115), Yunanıstan (1082).
 
Ayın ən yaxşı komandası 13 pillə irəliləmiş Mavritaniya millisi olub. 5 pillə geriləmiş Zambiya millisi isə ayın ən pis göstəricisinə imza atıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp