“Rəvan”la “Sumqayıt” rahat nəfəs ala bilər. Lisenziya sənədləri qaydasında olsa, hansının mövsümü sonuncu pillədə tamamlamasından asılı olmayaraq, hər ikisi növbəti çempionatda da Premyer Liqada çıxış edəcək. Buna səbəb isə heç də elitada komandaların sayının artırılması deyil, daha mühüm səbəb var.
 
Belə ki, mayın 15-də AFFA-nın Lisenziyalaşdırma Komissiyası "Bakı"nın ümumiyyətlə, Premyer Liqada iştirakına qadağa qoya bilər. Komandanın bir sıra problemləri var ki, bu da lisenziyalaşdırma tələblərini yerinə yetirməyə mane olur. İndiki və əvvəllər komandada oynamış futbolçulara olan borclar, “Bakı”dan ali futbol qurumlarına edilən şikayətlərə müsbət cavab verilməsi bir yana, klubun təlim-məşq bazası da əlindən alına bilər. Belə ki, təkcə kommunal xərclərə görə 2 milyon manata yaxın borcu olan klubun düşərgəsinə həbs qoyulduğu deyilir. Bu üzdən komandanın elitada oynaması mümkünsüzdü.
 
Hafiz Məmmədovun klubun həqiqi sahibi Ziya Məmmədovla münasibətlərinin pisləşməsi isə daha ciddi problemdi. Hafiz bəy məhz bu üzdən “Atletiko” və “Lans”la bağlı layihələri başqa mənbədən maliyyələşdirsə də, “Bakı”ya ayırmağa pul tapmır. Nəqliyyat nazirinin (Ziya Məmmədovun oğlu Anar bəy klubun fəxri prezidentidi – red.) kluba yardımı dayandırması “Bakı”nın çətin duruma düşməsinə səbəb olub. Ona görə də klub yeni sponsor tapıb problemlərini həll etməsə, çox güman ki, yeni mövsümdə ümumiyyətlə, olmayacaq.
 
Bu gün AFFA-da keçirilən iclasda “Bakı”nın məsələsi ciddi şəkildə müzakirə olunub və kluba xəbərdarlıq edilib. Ardınca “Bakı”da da bu məsələ müzakirə olunub və problemi qarşıdakı bir həftə ərzində həll etmək üçün planlar cızılıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp