Kaxaber Sxadadzenin “İnter”də qalıb-qalmayacağı sual olaraq qalır. İlk olaraq futbolinfo.az-ın yaydığı xəbərin təsdiqlənməsi üçün yəqin ki, mövsümün sonunu gözləməli olacağıq.
 
Bakılılar Sxadadze ilə yeni müqavilənin mövsümün sonunda imzalanacağını bildirsələr də, tərəflər razılıq əldə etməyib. Belə ki, gürcü məşqçi vətənindən aldığı daha ciddi təklifi dəyərləndirib. Neçə vaxtdı ona maraq göstərən Tiflis “Dinamo”su Kaxayla danışıqlara başlayıb. Qonşu ölkə klubunun rəsmiləri də Kaxa ilə ciddi maraqlandıqlarını təsdiqləyib. 2009-cu ildən “İnter”in baş məşqçisi olan Sxadadze “Sumqayıt”la oyundan (2:0) sonra Gürcüstana yola düşüb və “Dinamo”yla müqavilənin detallarını bütünlüklə razılaşdırıb.
 
“Qarabağ”la dünənki oyundan sonra isə Sxadadze ikibaşlı danışdı: “İkinci yer bizim üçün böyük uğur sayılacaq. Qarşıda bizi iki vacib oyun gözləyir, çalışmalıyıq ki, mövsümü ikinci pillədə başa vuraq. Artıq 5 mövsümdü ki, burada işləyirəm. Ölkə kubokundan başqa bütün titulları qazanmışam. Yaxşı komanda yaratmışıq. Buradan getməyim bəlkə də düzgün olmazdı. Amma indidən gedib-getməyəcəyimi dəqiq deyə bilmərəm”.
 
Kaxaberin dəqiq söz deməməsinə səbəb var. Bizdə olan bilgiyə görə, “Dinamo”da qazanacağını dəqiqləşdirəndən sonra məşqçi “İnter”dən daha cəlbedici təklif gözləyir. O, həm öz qazancının, həm də kluba ayrılan büdcənin çoxaldılması arzusundadı. Tiflis variantı da bir növ təzyiq üsulu kimi hesablanıb. Yəni ki, ya dediyimlə razılaşın, ya da gedəcək yerim var. Deyəsən, bu, nəticəsini verib. Belə ki, “İnter”in himayədarı olan Cahangir Hacıyevin Sxadadzeyə “qal, hər şey daha yaxşı olacaq” mesajı göndərdiyi deyilir. Kaxanın dünən ikibaşlı danışmasının da səbəbi elə bu məqamda gizlənir. Şef vədinə rəsmən əməl etsə, “Dinamo” variantı yenidən gündəmdən düşə bilər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp