Topaz Premyer Liqasının 34-cü turunda "İnter"i (4:1) məğlub edən "Qarabağ" çempionluğunu da rəsmiləşdirmiş oldu. Bununla da Ağdam klubu 21 illik həsrətə son qoyaraq 2-ci dəfə ölkənin ən güclüsü adına sahib çıxdı. "Qarabağ" artıq çempiondu, bəs, qələm əhli necə düşünür: "Qarabağ" çempionluğa layiq idimi?
 
Elçin Cəlilov (Futbolpress.az): "Əlbəttə, çempionluğa layiqdi. Ümumiyyətlə, çempion olanı çempionluğa layiq görməmək anlayış olaraq mənə görə anlaşılmaz bir şeydi. Heç olmasa, qızğın rəqabət də olmadı ki, deyəsən, hansınınsa şansı son anda gətirdi. Burda açıq-aşkar favorit "Qarabağ" idi. Hələ mənə görə Qurban Qurbanovun baş məşqçiliyi ilə bu komanda bundan qabaq da çempion olmalıydı. Fikir verirsizsə,  bu komandanın çempionluğuna şübhələr, yamaqlar da qoşulmur".
 
Mahir Rüstəmli (Futbol+): "Mənə elə gəlir ki, "Qarabağ" bu çempionluğa layiqdi. Çünki mövsüm ərzində ən sabit oyun göstərən və başqalarından üstün olan komanda "Qarabağ" idi. Hazırda da nəticələr "Qarabağ"ın qızıl medal qazanmağa ən layiqli komanda olduğunu göstərir. Müəyyən şübhələr var idisə, "Qarabağ" bunları "İnter" üzərində 4:1 hesablı qələbə qazanmaqla aradan qaldırdı. Bir komanda çempionluq yolundakı əsas rəqibini eyni mövsümdə 4 dəfə məğlub edirsə, artıq nəsə deməyə ehtiyac qalmır".
 
Elgiz Abbasov (Futbol11.az): "Qarabağ"ı səmimi qəlbdən təbrik edirəm. Həmişə demişəm ki, bu komanda cari mövsümdə  çempionluğa layiq oyun sərgiləyir. Söhbət nəticədən yox, oyun planından gedir. "Qarabağ" düzgün yoldadır. Və bu futbolun nəticəsi çempionluq olmamalıdır, Çempionlar Liqasının qrup mərhələsi olmalıdır. "Qarabağ" çempionluğa layiqdirmi? Tam səmimiyyətimlə və əminliklə “bəli” deyirəm. Qurban Qurbanovu, komandanı, rəhbərliyi, azarkeşləri təbrik edirəm. Layiqli olan sizsiniz!"
 
Vüsal Mahmudov (Futbolinfo.az): “Bu çempionluq “Qarabağ”a ana südü kimi halaldı. Rəhbərliyin dəstəyi, Qurban Qurbanovun məşqçi bacarığını tamamlayan səbri, alicənablığı futbolçuların ustalığı, əzmkarlığı ilə birləşincə, Ağdam klubu qarşısıalınmaz oldu. Bu, son illərin, bəlkə müstəqillik dönəminin ən təmiz, söz-söhbətsiz, alın təri ilə qazanılan çempionluğudu. Kimsə “İnter”in mövsümə zəif start verməsi, kimsə “Qəbələ”nin ilin əvvəlində qələbəyə həsrət qalması, kimsə də “Neftçi”nin məlum Lənkəran səfərindən sonra özünə gələ bilməməsi üzündən “Qarabağ”ın istəyinə çatdığını düşünməsin. Hə, bu amillər də var idi, ancaq “Qarabağ”ın da büdrədiyini, bir neçə dəfə ardıcıl xallar itirdiyini unutmayaq. Ona görə də “Qarabağ”ın rəqiblərindən bir baş üstün futbol sərgilədiyi üçün çempion olduğunu düşünürəm. Bütün əsas rəqiblərindən şəxsi oyunlarda üstün olan çempionun ən yaxın izləyicisi “İnter”i mövsümdə 4 dəfə yenməsi faktı bütün sualların cavabıdı. “Qarabağ”ın sabit və gözəl oyunla, əzici üstünlüklə birinci olması – bir daha təkrar edirəm – rəhbərliyin dəstəyi, Qurban Qurbanovun məşqçi bacarığını tamamlayan səbri, alicənablığı, futbolçuların ustalığı, əzmkarlığının nəticəsidi”.
 
Kənan Məstəliyev (Rekord.az): "Bəli, layiq idi. Bu sözü llərdi deyirəm: "Qarabağ" istəsə, Azərbaycan çempionu ola bilər. Bu dəfə istədilər, bir az da "Neftçi"də eniş oldu, ona görə də qızıl medallar gəldi. Bu qələbədə ən böyük pay Qurban Qurbanovundu. Məhz onun gördüyü iş nəticəsini verdi. Həm baş məşqçini, həm də komandanı bu qələbə münasibəti ilə təbrik edirəm! Davamı avrokuboklarda gəlsin!"
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp