Premyer Liqanın son turunun nəticələrindən sonra artıq turnir cədvəlində ilk 2 pillənin sahibi məlum oldu. Belə ki, "Qarabağ" 2013/14 mövsümünün ən yaxşısı olduğunu təsdiq etdi. "İnter" isə gümüş medala sahib çıxdı. Ancaq 3-cü yerin sahibi hələ də müəyyən edilməyib. Turnir cədvəlinə nəzər yetirdikdə bürünc medal uğrunda Azərbaycan kubokunun finalçıları olan "Neftçi" və "Qəbələ"nin mübarizə apardığını görərik.
 
"Neftçi" son turda AZAL-la (0:0) bərabərlikdən sonra işini çətinə saldı. Nəticədə 4-cü pilləyə düşən "ağ-qaralar"ı "Qəbələ"dən 1 xal ayırır. "Qarabağ"ın çempionluğu və "Qəbələ"nin avrokuboklara vəsiqəni təmin etməsi "Neftçi"ni 2-ci plana salsa da, Bakı klubunda vəziyyət heç də ürəkaçan deyil. 30-cu turdan bu yana qələbəyə həsrət qalan Böyükağa Hacıyev və komandası mükafatçılar sırasına düşmək şansını da əldən verə bilər. Qarşıda hələ 2 tur var və bu müddət ərzində çox şey dəyişə bilər. Yəni "Qəbələ" mövsümü 3-cü pillədə qapaya bilər və ya "Neftçi" 36-cı turdan sonra bürünc medala sahib çıxa bilər. AZAL-la qarşılaşmada əvvəlcə 11, sonra 10 (58-ci dəqiqə), daha sonra 9 (86-cı dəqiqə) nəfərə qarşı mübarizə aparan "Neftçi" bu fürsətdən də yararlana bilmirsə, deməli, bürünc medal qazanmaq da asan olmayacaq. İstənilən halda bu, komandada ciddi problemlərdən xəbər verir.
 
"Neftçi" növbəti turda "Rəvan"ı qəbul edəcək. "Bakcell Arena"nın ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq qarşılaşma İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. Kubokun yarımfinal mərhələsində rəqibinə aman verməyən "Neftçi"nin bu dəfə də Bayıl klubundan üstün olacağı gözləniləndi. Ancaq bir məsələni də vurğulamaq lazımdı ki, azlıqda qalan "təyyarəçilər"ə qalib gələ bilməyən "Neftçi"ni Güvənç Kurtarın komandası qarşısında da çətin oyun gözləyir. Belə ki, "aslanlar"ın qələbəsi gözlənilməsə də, komandalar bu görüşdən sülhlə ayrıla bilər. Eyni saatda baş tutacaq digər bir oyunda isə "Qəbələ" səfərdə "İnter"in qonağı olacaq. İnamlı oyun göstərən "bankirlər"in əyalət klubu ilə qarşılaşmadan məğlub ayrılacağı o qədər də inandırıcı görünmür. Ehtimallara əsasən "qırmızı-qaralar" bu görüşdə 1 xala sevinə bilər. Beləliklə, 35-ci turdan sonra güman ki, 3 və 4-cü pillənin sahibləri yer dəyişəcək. Bütün məsələlərə isə son turda aydınlıq gələcək.
 
Son turda "Neftçi"ni çətin Zaqatala səfəri gözləyir. Cari mövsümdə baş tutan 3 oyunun 2-dən qalib ayrılan paytaxt klubunu (1:0, 3:0) heç də asan oyun gözləmir. Böyük ehtimalla qızıl və gümüş medallara baxmaqla kifayətlənən "Neftçi" son turda xal itirəcək. "Qəbələ" isə son turda "Sumqayıt"ı qəbul edəcək. Düzdü, Aqil Məmmədovun yetirmələri cari mövsümdə "qırmızı-qaralar"la 3 oyundan 1-də qalib (2:1), 2-də məğlub (1:0, 2:0) tərəf olmasına baxmayaraq, Yuri Syominin mükafatçılar sırasına düşmək üçün son şansını boşa verəcəyini düşünnmək ağılsızlıq olardı.
 
Beləliklə, hər iki komandanın qarşıdakı 2 oyunda eyni sayda xal toplayacağını düşünsək, mövsümün sonunda "Qəbələ"nin mükafatçılar sırasına düşməsini qeyd etmək olar. Bir məqamı da nəzərə almaq lazımdı ki, bu cütlük mayın 22-də kubokun finalında da üz-üzə gələcək. Yenə də, futbol fərziyələrlə, ehtimallarla, kağız üzərində yox, yaşıl meydanlarda oynanılır. Sonda isə bizə qalan sözün əsl mənasında mükafatçılar sırasına düşməyə layiq komandanın öz yerini tutmasını arzulamaqdı. Əsas odu ki, bu komandaların hər biri avrokuboklarda Azərbaycan futbolunu layiqincə təmsil etsin.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp