İyunun 23-də UEFA Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Futbolinfo.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində Azərbaycanı yeni mövsümdə "Qarabağ" təmsil edəcək.
Püşkatma ərəfəsində UEFA-nın reytinq cədvəlinə əsasən, iştirakçı klublar səpələnmişlər və səpələnməmişlər səbətinə bölünəcək.
 
Birinci təsnifat mərhələsində 6 komanda iştirak edəcək. İlk mərhələnin üç ən güclüsü növbəti mərhələyə vəsiqə qazanacaq və 14 komanda ilə birgə səpələnməmişlər səbətində yer alacaqlar. İkinci mərhələnin daha güclü digər 17 iştirakçısı isə səpələnmişlər səbətində olacaq.
 
Hazırda ilk təsnifat mərhələsinin altı iştirakçısından 4-ü, ikinci təsnifat mərhələsində çıxış etməli olan 31 iştirakçıdan isə 22-nin adı bəllidi.
 
Artıq indidən "Qarabağ"ın ÇL-in ikinci təsnifat mərhələsindəki potensial rəqiblərinin kim olacağını təxmini müəyyənləşdirmək olar. Ağdam klubu UEFA-nın reytinq cədvəlində 7,575 bala malikdi. Bu isə komandamızın püşkatma zamanı daha güclülərin yer aldığı səpələnmişlər səbətində olacağına işarədi. Bir sözlə, Qurban Qurbanovun komandasını zəiflərin yer aldığı səpələnməmişlər səbətindən bir komanda gözləyəcək.
 
İkinci təsnifat mərhələsinin iştirakçıları arasında "Qarabağ"ı qabaqlayan komandalar arasında Rumıniyanın "Styaua" (39,451), Şotlandiyanın "Seltik" (36,813), Belarusun BATE (33,725), Çexiyanın "Sparta" (28,870), Xorvatiyanın "Dinamo" (23,925), Bolqarıstanın "Ludoqorets" (18,125), İsrailin Təl-Əviv "Makkabi"si (17,875), Moldovanın "Şerif" (17,075), Qazaxıstanın "Aktobe" (8,150) və Latviyanın "Ventspils" (7,750) klubları var.
 
Bir sözlə, Azərbaycan çempionu hazırda səpələnmişlər səbətində 11-ci yerdə qərarlaşıb. Amma ikinci təsnifat mərhələsinin bütün iştirakçıları bəlli olmadığından, mümkündü ki, komandamız bir neçə pillə də geri düşsün. Məsələn, böyük ehtimalla Polşada ölkə çempionu "Legiya" (15,275) olacaq, Slovakiyada "Slovan"ın (8,700), Macarıstanda "Debretsen"in (10,325), Serbiyada "Crvena Zvezda" (9,325) və ya "Partizan"ın (14,825), Sloveniyada "Maribor"un (16,200) ölkənin ən güclüsü olması ehtimalı çox yüksəkdi. Belədə, bu komandalar Ağdam klubundan daha öndə qərarlaşacaqlar. "Qarabağ"ın səpələnmişlər səbətində yer alması üçün iştirakçılar arasında hətta reytinq sıralamasına görə 17-ci olması da kifayətdi.
 
İkinci təsnifat mərhələsində “Qarabağ”ın mümkün rəqibləri isə digər səbətdə yer alanlar olacaq. Səpələnməmişlər arasında “Malmö” (İsveç), “Reykyavik” (İslandiya), “Stromsqodset” (Norveç), “Nyu-Seynts” (Uels), “Sent-Patrik Atletik” (İrlandiya), “Skenderbeu” (Albaniya), “Valletta” (Malta), “Jrinski” (Bosniya və Herseqovina), “Kliftonvill” (Şimali İrlandiya), “Jalgiris” (Litva), həmçinin, gələcək Gürcüstan çempionu (Tiflis “Dinamo”su və ya “Zestafoni”), Çernoqoriya çempionu (güman ki, “Sutyeska”), Makedoniya çempionu (“Rabotniçki”, “Turnovo” və ya “Metallurq”), Lüksemburq çempionu (“Düdelanj” və ya “Fola”), həmçinin, birinci təsnifat mərhələsinin üç qalibi – “Levadiya” (Estoniya), “Torshavn” (Farer adaları), “Santa-Koloma” (Andorra), “Linkoln Red İmps” (Cəbəllütariq) və Ermənistan çempionu (“Banants”, “Ararat” və ya “Mika”), gələcək San-Marino çempionu (çempionat olimpiya sistemi üzrə keçirilir) yer alacaqlar.
 
Qeyd edək ki, ilk təsnifat mərhələsinin oyunları iyulun 1-2-də, cavab görüşləri 8-9 iyulda keçiriləcək. "Qarabağ"ın da qatılacağı ikinci təsnifat mərhələsinin görüşləri isə 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp