“Qəbələ” Futbol Akademiyasının hollandiyalı direktoru Stenli Brard bu günlərdə keçirilən 3-cü “Qəbələ Kuboku” haqda fikirlərini bildirib. Futbolinfo.az Brardın müsahibəsini diqqətinizə çatdırır:
 
– “Qəbələ Kuboku” haqda nə deyə bilərsiz?
– Yarış iştirakçıları üçün yaradılmış şərait idealdı. Yarışın bütün iştirakçıları üçün bu, böyük təcrübədi.
 
– İştirakçılardan ən çox hansı xoşunuza gəldi? Favoritiniz hansı komandadı?
– “Qəbələ” – bu turnirdə mənim favoritimdi (gülümsəyir). Yarış çox güclüdü. Burada böyük klublar iştirak edirlər. “Fənərbağça”, “Rapid”, “Liverpul” və s. Onlarla oyuna çox güc sərf edilir. “Liverpul” kimi bir komandadan elə-belə xal qoparmaq mümkün deyil. Bizim futbolçularımız xarakter nümayiş etdirdilər.
 
– Sizi komandaya ona görə dəvət ediblər ki, Azərbaycandan Avropaya futbolçular getsin. Bu, beynəlxalq səviyyəli artıq üçüncü turnirdi. Oyunçularımıza dəvət var?
– Biz beynəlxalq səviyyəli oyunları yalnız Qəbələdə keçirmirik. Tez-tez xaricə yollanırıq. Öz səviyyəmizi yüksəltməyə çalışırıq. Yerdə qalanlar isə sonra olacaq. Ümid edirəm ki, futbolçularımızın xaricə dəvəti özünü çox gözlətməyəcək. Digər ölkələrlə müqayisədə Azərbaycanın əhalisi elə də çox deyil. Bu isə yaxşı futbolçular tapmaq şansını azaldır.
 
– Yarımfinal oyununda “Qəbələ” futbolçularının fiziki yorğunluğu hiss edilirdi. Siz bu istiqamətdə nə edirsiz? Axı bu, bütün Azərbaycan futbolunun problemidi…
– Biz bunu bilirik və yalnız 15 yaşa qədər olan komandanın deyil, akademiyanın digər 15 komandasının çatışmazlıqlarını aradan qaldıracağıq.
 
– Yeri gəlmişkən, nə üçün bu il Hollandiyadan komanda cəlb edilmədi?
– Biz bir Hollandiya klubunu dəvət etmək istəyirdik. Ancaq bütün komandalar artıq digər turnirlərə cəlb edilmişdilər.  Digər tərəfdən, yeni ölkələrdən yeni komandalar dəvət etmək istəyirdik. Bu il “Qəbələ” turnirində Belçika təmsilçisi “Anderlext” və Avstriya təmsilçisi “Rapid” debüt etdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp