Futbol üzrə Azərbaycan millisi geridə qalmaq üzrə olan həftədə Amerika Birləmiş Ştatlarının yığması ilə qarşılaşdı. Millimizin kapitanı Rəşad Sadıqov son anda zədələndiyi üçün ABŞ-la oyunda iştirak edə bilmədi. Futbolinfo.az saytına müsahibə verən "Qarabağ"ın təcrübəli müdafiəçisi millimizin ABŞ-la oyununu dəyəndirməklə yanaşı, həm zədəsi, həm də komandasının yeni transferi Danilo Dias haqda suallarımızı cavablandırıb:
 
– Öncə ABŞ-la oyun haqda fikirlərinizi bilmək maraqlı olurdı. Ümumiyyətlə, ABŞ-la matç millimizə nə qazandırdı?
– ABŞ-la oyunda bir çox oyunçulara şans verildi. Demək olar ki, Bolqarıstanla oynayacağımız matça tam istədiyimiz şəkildə hazırlaşa bilmədik. Bu da heyətdəki bir çox itkilərlə bağlı idi. Araz Abdullayevlə Rahid Əmirquliyevin, son anda isə mənim zədələlənməyim öz mənfi təsirini göstərdi. Rauf Əliyev 2, Rüfət Dadaşov isə son 1-2 ayda oynamırdı. Ruslan Abışov da 1 aya yaxın idi ki, komandasından ayrılıb. Tam optimal formada deyildik. Fikirləşirəm ki, Bolqarıstanla oyuna daha yaxşı hazır olacağıq.
 
– Sizin zədəniz nə yerdədi?
– Şiddətli ağrılarım var. Zədə alanda yeriməyə belə çətinlik çəkirdim. Allaha şükür indi bir qədər yaxşıdı. Ancaq qaça bilmirəm. Sabah (bu gün – red.) MRT çəkib, həkim müayinəsindən keçəcəm. Ağrılarım nisbətən azalsa, fikirləşirəm ki, hər şey qaydasında olacaq.
 
– Müalicə üçün yenə Türkiyəyə üz tutacaqsız?
– Hələ ki, bilmirəm. Bakıda tanıdığım yaxşı həkim var. Onunla görüşüb, müayinədən keçəcəm. Görək, o nə məsləhət görür? İnşallah, ondan sonra qərar verəcəm.
 
– Necə düşünürsüz, sizcə, "Qarabağ"ın təlim-məşq toplanışına özünüzü çatdıra biləcəksiz?
– Maksimum çalışacam ki, təlim-məşq toplanışına qatılım. Çünki hazır olmayandan sonra qarşıdakı oyunlarda çətinlik çəkəcəm. Amerikadan dünən gəlmişəm, artıq bu gündən müalicəyə başlamışam. Qismətdi, inşallah tez bir zamanda zədəmi sağaltmağa çalışacam.
 
– "Qarabağ" uzun müddətdi gözlədiyi transferi gerçəkləşdirdi. Komandanın kapitanı kimi Danilo Dias haqqında fikirlərinizi bilmək maraqlı olardı…
– Portuqaliya çempionatında çıxış etmiş təcrübəli futbolçudu. Onun necə çıxış edəcəyini zaman göstərəcək. İndidən nəsə demək olmur. Səs-küylü transferlər çox olur. Ancaq sonradan bəhrəsini görmək olmur. İstərdim ki, Dias yaxşılardan olsun.
 
– Ola bilərmi ki, son mövsümdə braziliyalıların uğurlu çıxışı baş məşqçi Qurban Qurbanovu razı saldığı üçün bu dəfə də futbolçu seçimi məhz sambaçıdan yana oldu? 
– Xeyr, sadəcə, ola bilsin ki, Dias Qurban müəllimin oyun sisteminə uyğun olduğu üçün transfer olundu. Baş məşqçimiz futbolçunu seçəndə onun milliyyətinə önəm vermir. Əsas odu ki, onun oyun sisteminə uyğun gəlsin. Futbolçunun özünü hələ görməmişəm. Təlim-məşq toplanışında tanış olacağıq.
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp