Futbol üzrə UEFA Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu turnirdə Azərbaycanı təmsil edəcək "Qarabağ"ın bütün potensial rəqibləri artıq bəllidi.
 
Son olaraq, Monteneqro və Macarıstan çempionlarının adı bilinib. Bunlar müvafiq olaraq "Sutyeska" və "Debretsen" olub. Nəticədə bu iki komanda da UEFA Çempionlar Liqasında çıxış etmək şansı qazanıb. 
 
Qeyd edək ki, UEFA Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 23-də keçiriləcək. Püşkatma ərəfəsində UEFA-nın reytinq cədvəlinə əsasən, iştirakçı klublar səpələnmişlər və səpələnməmişlər səbətinə bölünəcək.
 
Birinci təsnifat mərhələsində 6 komanda iştirak edəcək. İlk mərhələnin üç ən güclüsü növbəti mərhələyə vəsiqə qazanacaq və 14 komanda ilə birgə səpələnməmişlər səbətində yer alacaqlar.
 
Azərbaycan çempionu isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Artıq indidən "Qarabağ"ın ÇL-in ikinci təsnifat mərhələsindəki potensial rəqiblərinin kim olacağı bəllidi. Ağdam klubu UEFA-nın reytinq cədvəlində 7,575 bala malikdi. Bu isə komandamızın püşkatma zamanı daha güclülərin yer aldığı səpələnmişlər səbətində olacağına işarədi. Bir sözlə, Qurban Qurbanovun komandasını zəiflərin yer aldığı səpələnməmişlər səbətindən bir komanda gözləyəcək.
 
Birinci təsnifat mərhələsi
Səpələnmişlər: Levadiya (Estoniya), Torshavn (Farer adaları), Santa-Koloma (Andorra).
Səpələnməmişlər: Banants (Ermənistan), Linkoln Red İmps (Cəbəllütariq), La Fiorita (San Marino).
 
İkinci təsnifat mərhələsi
Səpələnmişlər: Styaua (Rumıniya), Seltik (Şotlandiya), BATE (Belarus), Sparta (Çexiya), Dinamo (Xorvatiya), Ludoqorets (Bolqarıstan), Makkabi (Təl-Əviv, İsrail), Şerif (Moldova), Maribor (Sloveniya), Legiya (Polşa), Debretsen (Macarıstan), Srvena Zvezda (Serbiya), Slovan (Slovakiya), Aktobe (Qazaxıstan), Ventspils (Latviya), Qarabağ (Azərbaycan), HJK (Finlandiya).
Səpələnməmişlər: Dinamo (Tiflis, Gürcüstan), Malmö (İsveç), Reykyavik (İslandiya), Düdelanj (Lüksemburq), Stromsqodset (Norveç), Nyu-Seynts (Uels), Sent-Patrik Atletik (İrlandiya), Skenderbeu (Albaniya), Rabotniçki (Makedoniya), Valletta (Malta), Jrinski (Bosniya və Herseqovina), Kliftonvill (Şimali İrlandiya), Jalgiris (Litva), Sutyeska (Monteneqro).
 
Qeyd edək ki, ilk təsnifat mərhələsinin oyunları iyulun 1-2-də, cavab görüşləri 8-9 iyulda keçiriləcək. "Qarabağ"ın da qatılacağı ikinci təsnifat mərhələsinin görüşləri isə 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp