Avstriya "Rapid"inin 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Muhammed Akagündüz "Qəbələ Kuboku"nda 3-cü yer uğrunda keçirilmiş "Qəbələ" ilə oyundan (3:0) sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis öncə turniri dəyərləndirib:
 
– Çox gözəl təşkil edilmiş turnir idi. Sahələr, hava, təşkilatçılıq, hər şey çox gözəl idi. Bu işdə əməyi keçənlər hər şeyi çox yaxşı təşkil etmişdilər. İştirakçı komandalar da səviyyəli idilər.
 
– Öz komandanızın çıxışını necə qiymətləndirərdiz?
– Turnirə yaxşı başlamadıq. Amma matçdan matça səviyyəmizi artırdıq. Yarımfinalda "Fənərbağça" ilə oyunda layiq olmadığımız məğlubiyyətlə üzləşdik. Yetərincə qol epizodumuz da oldu. Nə yazıq ki, hər şeyə rəğmən, məğlub olduq. Sonda üçüncü olduq. Buna layiq olduğumuzu düşünürəm.
 
– "Qəbələ Kuboku" "Rapid"ə, yetirmələrinizə nə verdi?
– Biz hər il 10-11 belə turnirdə iştirak edirik. Bu, uşaqlar üçün böyük təcrübə oldu. Başqa ölkələrin yaxşı komandalarına qarşı oynamaq futbolçulara hər zaman yaxşı təcrübə qazandırır. Belə turnirlər həm oyunçuların öz səviyyələrini, həm də digər komandaların necə oynadığını görməyə imkan yaradır. Onun üçün hər belə turnir bizi bir addım önə götürür.
 
– "Qəbələ"nin oyununu necə qiymətləndirə bilərsiz?
– "Qəbələ"nin bugünkü oyunu məncə, bu turnirdə sərgilədikləri ən pis matç oldu. Bundan öncəki qarşılaşmalarda daha yaxşı təsir bağışlamışdılar. Bir az yorğun idilər. Amma bu, o demək deyil ki, biz layiq olmadığımız qələbəni qazandıq.
 
– Sizcə, bu turnirin qalibi hansı komanda olacaq?
– Hər iki komanda çox yaxşı futbol sərgiləyir. Amma mənə elə gəlir ki, "Fənərbağça"nın işi bir az daha çətin olacaq.
 
– Deməli, favoritiniz "Anderlext"di?
– Zənn edirəm ki, "Anderlext" finalı qazana biləcək gücdədi.
 
– Bəs qazanmasını istədiyiniz komanda hansıdı?
– Təbii ki, Türkiyə komandasının qələbə qazanması könlümüzdən keçir. Amma meydanda oynayan 14-15 yaşlı uşaqlardı. Güclü olan, qələbəni haqq edən qazansın.
 
– Yenidən "Qəbələ Kuboku"nda iştirak üçün dəvət alsaz, gələrsiz?
– Təbii ki, biz hər zaman belə turnirlərdə iştirak etməyə can atırıq. Həmişə də məmnun olmuşuq. "Qəbələ"dən gələn il də dəvət gəlsə, inşallah, gələrik.
 
PƏRVİZ ELTÜRK, Qəbələ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp