"Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Hüseynqulu Quliyev "Qəbələ Kuboku"nda 3-cü yer uğrunda keçirilmiş Avstriya "Rapid"i ilə oyundan (0:3) sonra həm matç, həm də turnirlə bağlı fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, öncə komandasının çıxışını dəyərləndirib.
 
– Bu turniri komandanız üçün necə dəyərləndirirsiz?
– Əvvəlki iki turnirdə “Qəbələ” qrupdan çıxa bilməmişdi. Ancaq bu dəfə komandamız yarımfinala çıxdığına görə, müəyyən mənada razı qalmaq olar. Bu gün məğlub olduq. Məğlubiyyət varsa, mənim günahımdı. Halbuki, daha yüksək yerlər üçün oynaya bilərdik.
 
– "Rapid”ə 0:3 hesabı ilə uduzsaz da, hesab 0:1, 0:2 olanda qol vurmaq şanslarınız var idi…
– Allahın qismətidi. Şansdı, biz istifadə edə bilmədik, rəqib yararlandı. Biz ələ düşən imkanlardan istifadə edə bilsəydik, hər şey ola bilərdi.
 
– Sizcə, turnirdə “Qəbələ”nin ən yaxşı oyunu hansı komandaya qarşı oldu?
– “Udineze”yə qarşı. Bir də “Liverpul”la görüşün son 12 dəqiqəsində komandam yaxşı oynadı. “Rapid”lə də matçın ikinci yarısında yaxşı oynadıq. Futbolçularımda əzmkarlıq hiss etdim. Qələbə qazanmaq istəyi var idi. Sadəcə, gücümüz buna çatdı.
 
– Turnir də göstərdi ki, hələ də Avropa klubları ilə aramızda böyük uçurum var. Siz nəyi gördüz? Ən böyük çatışmazlığımız nədədi?
– Rəqibin adı. Psixoloji cəhətdən hazır deyilik. İstəyimiz də odu ki, bu yükü uşaqların üstündən ataq. Ona görə də “Qəbələ” akademiyası tez-tez xarici səfərlərə gedir, turnirlərdə iştirak edir. Avropa komandaları ilə oynayırıq ki, bu ad məsələsi qorxusunu üstümüzdən ataq. Oyunlar da göstərir ki, bu mənada müəyyən qədər irəliləyiş var. Ancaq təbii ki, hələ də bunun üzərində işləmək lazımdı.
 
– Turnir ərzində hansısa futbolçumuza maraq göstərən klublar oldu?
– Fərid Nəbiyevi istədilər. “Udineze” kapitanımızı bizimlə oyundan sonra istədi. Klubun meneceri yaxınlaşıb, müraciət etdi. İndi rəhbərlik nə qərar verəcək, elə də olacaq.
 
– Siz getməsini istəyərdiz?
– Vallah, məndən olsa, göndərərdim. Hansı futbolçularımızı istəsələr, onları göndərməliyik ki, daha qabaqcıl klublarda çıxış edib, səviyyələrini artırsınlar. Çünki onlar sabah bizim milli üçün yetişəcəklər. Bizim, şəxsən mənim istəyim odu. Qoy, getsinlər. Azərbaycan çempionatı ilə xaricdəki birinciliklər bir deyil. İntensivlik və işgüzarlıq çoxdu. Xaricdə uşaqlar daha sərbəst oynayırlar. Uşaqlarımız nə qədər xaricə gedib, orada oynasalar, bizim başucalığımızdı.
 
– "Qəbələ Kuboku" komandanıza nə verdi?
– Hər bir turnir, hər xarici komanda ilə oyun bizə əlavə təcrübə qazandırır. Yəni fikrimcə, uşaqlarımızın öyrəndiyi çox şey vardı.
 
– Gözlədiyinizdən daha zəif çıxış edənlər oldu?
– Əlbəttə, bəzi futbolçularımızdan daha çox şey gözləyirdim. Amma onlar ümidlərimi istədiyim dərəcədə doğrulda bilmədilər.
 
– Bəs sizi yaxşı mənada təəccübləndirə yetirməniz oldumu?
– Xeyr. Təəssüf ki, elə birisi olmadı.
 
– Bu, yəqin ki, bayaq dediyiniz ad qorxusundan irəli gəlir. Rəqibin adından qorxduqlarına görə özlərini göstərə bilmədilər?
– Yəqin ki. Psixoloji hazırlıq çox önəmlidi. Psixoloji təzyiqi üzərlərindən ata, əzmkar oyun sərgiləyə bilsələr, bizim uşaqlar çox şeyə nail olarlar. Belə turnirlərdə də ona görə iştirak edirik ki, dediyim çatışmazlıqları aradan qaldıraq. Ona görə də "Qəbələ" rəhbərliyi belə turnirlər təşkil edir, komandalarımızı xaricdə keçirilən turnirlərə göndərir ki, irəliləyişə nail olaq.
 
– Artıq sadəcə, final oyunu qalıb. Favoritiniz kimdi?
– Bunu dəqiq demək çətindi. Hər iki komandanı favorit saymaq olar. Hər ikisinə qarşı mübarizə aparmışıq. Ona görə də bu iki komandanın eyni səviyyədə olduğu qənaətindəyəm. Amma sizin də gördüyünüz kimi, "Fənərbağça" fiziki hazırlıq baxımından daha yaxşı təsir bağışlayır. Qalibin kim olacağını oyundan sonra biləcəyik.
 
PƏRVİZ ELTÜRK, Qəbələ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp