"Qəbələ"nin sabiq müdafiəçisi, Qazaxıstanın "Jetısu" klubuyla müqavilə imzalayan Davron Erqaşev yerli mətbuata müsahibəsində Azərbaycandakı karyerasından danışıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
 
– "Jetısu"ya qayıtmaq variantı necə yarandı?
– "Qəbələ" ilə müqaviləm yarım illik idi. Azərbaycan klubu ilə müqaviləmin vaxtı bitmək üzrə olarkən "Jetısu" rəsmiləri tez-tez mənimlə əlaqə saxlayaraq, geri qayıtmağımı təklif edirdilər. Bu üzdən də sözügedən klubun təklifini qəbul etməyə qərar verdim. Çünki ötən mövsüm bu komandada çıxış etmişdim. Burada yaxşı şərait var. Uşaqlarla, baş məşqçiylə tanışam. Ona görə də geri qayıtdım.

– Azərbaycanda keçirdiyiniz yarım il nə ilə yadda qaldı?
– Azərbaycanda yaxşı çempionat var. Azərbaycan və Qazaxıstan futbolu arasındakı fərq yalnız ondan ibarətdi ki, burada əsas güc futboluna üstünlük verilir, hər oyunda çoxlu mübarizə var. Amma Azərbaycanda texnikalı futbola üstünlük verirlər. Belə demək mümkünsə, Qaxaxıstanda İngiltərə, Azərbaycanda İspaniya futbolu oynanılır.

 
– Bəs başqa nə fərqlər vardı?
– Başqa xüsusi fərqlərin şahidi olmadım.
 
– Azərbaycan futboluna tez alışdınız?
– Ötən mövsüm "Jetısu"da bütöv mövsüm keçirmişdim. Sonra "Qəbələ"yə yollandım. Həmin vaxt Azərbaycan çempionatında ikinci dövrə gedirdi. İlk dövrədən sonra komandamız birinci pillədə gedirdi. Əlbəttə, əvvəllər mənə bir qədər çətin idi. Amma sonra hamıya alışdım, yerli şəraitə uyğunlaşdım və əksər oyunlarda meydana çıxdım.
 
– "Qəbələ"də Yuri Syominin rəhbərliyi altında oynayırdız. Bu mütəxəssis barədə nə deyə bilərsiz?
– Syomin çox yaxşı mütəxəssisdi. Ondan çox şey öyrəndim. Maraqlı məşqləri vardı, uşaqları taktika üzərində çox çalışdırırdı. O, çox yaxşı məşqçidi və şadam ki, belə bir mütəxəssislə işləmək mənə müyəssər oldu.
Shares: