"İnter"dən ayrıldıqdan sonra Türkiyəyə üz tutan Vaqif Cavadov PTT 1-ci Liqada mübarizə aparan “Qaziantep BB” klubu ilə 1+1 illik müqavilə imzaladı. Futbolinfo.az xəbər verir ki, Türkiyə klubunun baş məşqçisi Nurullah Sağlam Vaqifdən başqa daha bir azərbaycanlı futbolçu ilə maraqlandığını qeyd edib.
Türk çalışdırıcı futbolçunun adını açıqlamasa da, artıq Sağlamın komandasında görmək istədiyi futbolçunun adı bizə məlumdu. Əldə etdiyimiz məlumata görə bu, "Bakı" klubunun futbolçusu Nurlan Novruzovdu. Hətta vaxtilə tərəflər arasında danışıqlar da olduğu bildirilir. Ancaq futbolçuya sonradan zəng olunmayıb. Çox güman ki, azərbaycanlı futbolçuların PTT 1-ci Liqada yerli oyunçu statusu ilə çıxış etməsi qardaş ölkə klubu rəhbərliyini bir daha Novruzov transferi üzərində düşünməyə məcbur edib.
Qeyd edək ki, qış "transfer pəncərəsi" zamanı Novruzov karyerasını PTT 1-ci Liqada davam etdirə bilərdi. Ancaq son anda futbolçunun işi düyünə düşdüyündən onun Türkiyə getmək arzusu gözündə qalmışdı.