Mustafa Dənizlinin baş məşqçi postundan göndərilməsindən sonra böyük miqdarda kompensasiyanı ört-basdır etmək üçün "Xəzər Lənkəran"ın "sükanı arxasına" gətirilən Oğuz Çətin cənub klubunda diktatura rejimi qurub. Türkiyəyə, Ərzuruma təlim-məşq toplanışına yer seçmək adı ilə gedən türk çalışdırıcı Bakıya qayıtmamışdan 1 gün öncə uzun müddətdi komandanın qapıçıları ilə çalışan Hafiz Əliyevlə yanaşı, Emin Quliyevi də Premyer Liqada ona kömək etməyə layiq bilmədi. Bundan sonra Əliyev "Xəzər Lənkəran"ın U-19 komandasına baş məşqçi, Quliyev isə ona köməkçi təyin olundu.
 
Oğuz bəyin dediklərinə görə, buna geniş məşqçi heyəti qurmaq istəməsi, əsas komanda ilə birgə U-19-u da gücləndirmək həvəsi səbəb olub. Azərbaycan futboluna nabələd olan Çətinin səhv addım atdığı aydın məsələdi. Çünki bu işə naşı olan adama yerli məşqçilərdən kimsə kömək etməliydi. Yuri Syomin də "Qəbələ"yə başçılıq edəndə Sənan Qurbanovla Dimitri Kramarenko ona kömək edirdi. Bu, Dorinel Muntyanunun vaxtında da belədi. Hətta Oğuz bəyin həmyerlisi Güvənc Kurtar da "Rəvan"a başçılıq edəndə Füzuli Məmmədov onun köməkçisi idi.
 
Oğuz Çətin isə qorxdu. O, Hafiz Əliyevlə Emin Quliyevin ona torba tikəcəyindən ehtiyatlandı. Ətrafını türk məşqçilərlə dolduracaq ki, yerini möhkəm etsin. Yoxsa, "Xəzər Lənkəran"ın yeni məşqçisi yatıb, yuxusunda U-19 komandasını görməyib ki? Heç bəlkə də U-19-un məşqində də bir dəfə iştirak etməyib, heç onlarla maraqlanmayıb. Maraqlansaydı, 3 aydı maaş almayan gənc futbolçuların durumundan xəbər tutardı.
 
Bundan başqa o "Xəzər Lənkəran"a rəhbərlik edəcəyi dəqiqləşəndən sonra komandaya ən çox yerli futbolçuların cəlb olunmasını istəyirdi. Bunların siyahısında isə Rəşad Sadiqov, Cavid Hüseynov, Rauf Əliyev, Vaqif Cavadov və Elvin Məmmədov var idi. Bütün bu transferlər baş tutacağı halda Rasim Ramaldanov, Rahid Əmirquliyev və Elnur Abdullayev komandadan göndəriləcəkdi. Çətin düşünürdü ki, bu 3 futbolçu "Xəzər Lənkəran"da uzun müddətddi çıxış edir və istənilən vaxt komandanı ona qarşı çevirə bilər.
 
Hazırda cənub klubunda Oğuz Çətin hakimiyyəti davam edir. Dünyanın digər yerlərində olduğu kimi, Çətinin "Xəzər Lənkəran"dakı diktator rejimini yalnız çevrilişlə devirmək olar. Hazırda türk çalışdırıcı Mustafa Dənizlidən sonra bu çevrilişin təkrarlanmaması üçün çalışır. Ancaq məşqçi komanda daxilinə baş qatıb, xaricini çoxdan unudub. Artıq "Xəzər Lənkəran"ın çempionluğuna susamış azarkeşləri növbəti mövsümdə heç bir bəhanəyə inanmayacaqlar.
 
Yay fasiləsində cənublular Rəşad Sadiqovla yanaşı, Aleksandr Şemonayevi də son anda "Simurq"un "caynağ"ından ala bildi. İndi də "ağ-yaşıllılar" bolqarıstanlı Qalin İvanovu heyətə cəlb etməyə çox yaxındı. Halbuki, həmin futbolçu karyerası ərzində heç bir komandada duruş gətirə bilməyib. Yalnız axırıncı dəfə 14 il bundan öncə uğur qazanmış ölkəsinin "Slaviya" komandasında 128 oyuna çıxıb. Bundan sonra da icarə əsasında klubları bir-bir gəzərək, vaxtını keçirib. Bir sözlə, Oğuz Çətin hələ ki, növbəti mövsümdə "Xəzər Lənkəran"ın iddialılar sırasına qoşulması üçün elə də ciddi bir addım atmayıb. Rəşad Sadiqov komandanı tək çiynində daşıya bilməz ki.
 
Bir sözlə Çətinin Lənkəran təmsilçisində uğur qazanacağı heç inandırıcı görünmür. Demək olar ki, komandada elə də ciddi bir yenilik yoxdu. Köhnə hamam, köhnə cakkuzi…
 
EMİN SƏFƏROV
Shares: