"Xəzər Lənkəran" daha bir futbolçu transfer etmək istəyir. Futbolinfo.az xəbər verir ki, bu, son mövsümü "Rizəspor"da keçirən Florin Çernatdı.
 
Ruminiya millisinin də formasını geyinmiş yarımmüdafiəçinin xidmətində PTT 1-ci Liqada mübarizə aparan "Karşıyaka" klubu ilə yanaşı, "Bucaspor" da maraqlıdı. İlinə 400 min avro istəyən futbolçu bu iki klubla anlaşa bilməmişdi. Belə ki, o, öncə "Bucaspor"la razılığa gəlmiş, daha sonra "Karşıyaka" rəsmiləri ilə görüşmüşdü. Futbolçunun məhz bu hərəkəti iki türk klubu arasında narazılığa səbəb olmuşdu.
 
Daha sonra "Karşıyaka"nın rəsmiləri mətbuata açıqlamasında Çernatla maraqlanmadıqlarını bildirmişdilər. Qeyd edək ki, Kiyev "Dinamo"sunda da çıxış etmiş yarımmüdafiəçi "Rizəspor" forması ilə meydana çıxdığı 36 görüşdə rəqib qapıçılarını 12 dəfə cəzalandırıb. "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətinin yarımmüdafiə xəttinə israrla legioner futbolçu transfer edilməsinin vacibliyini bildirməsi Çernatın cənub klubuna keçməsini bir qədər də reallaşdırır.
Shares: