2014/15-ci il mövsümünün hazırlıqları üçün iyunun 26-da Sloveniyaya yollanan "Simurq" çalışmaları davam etdirir. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubu dünən sözügedən ölkədə ilk məşqinə çıxıb.
"Simurq" hazırlığın ilk mərhələsinə bu heyətlə start verib:
Qapıçılar: Pavel Kapsa, Amil Ağacanov, Rəşad Əzizov;
Müdafiəçilər: İlkin Qırtımov, İdan Vaytsman, Usim Nduka, Tural Axundov, Rüstəm Məmmədov, Məhərrəm Hüseynov;
Yarımmüdafiəçilər: Murad Səttarlı, Benjamin Lambot, Patrik Osiako, Rəşad Eyyubov, Samir Zərgərov;
Hücumçu: Draqan Çeran.
Baş məşqçi Georgi Çixradze həmçinin əvəzedici heyətdən müdafiəçi Kənan Müslümov, yarımmüdafiəçilər Sahib Abbasov, Nicat Muxtarov, İlqar Hüseynov və hücumçu Oruc Balaşlını da əsas heyətə dəvət edərək, təlim-məşq toplanışı üçün Sloveniyaya aparıb.
Mövsüm sonunda müqaviləsi başa çatan, lakin "Simurq"la yeni saziş bağlamağa hazırlaşan xorvatiyalı yarımmüdafiəçi Stepan Polyak isə bugündən düşərgəyə qoşulub.
Qeyd edək ki, əsasən fiziki gücün artırılmasından ibarət çalışmaları yerinə yetirən “Simurq”, Sloveniya hazırlığı çərçivəsində gündə iki dəfə olmaqla məşqləri davam etdirəcək. İyulun 13-də təlim-məşq toplanışını başa vuraraq ölkəyə qayıdacaq. İlk mərhələdə Georgi Çixradzenin yetirmələri üç yoxlama görüşü keçirəcək. Qarşılaşmalar ayın 6, 9 və 12-də keçiriləcək. (klub saytı)