AZAL növbəti yoxlama matçını keçirib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" tələbələrdən ibarət yığma komandanı 3:0 hesabı ilə məğlub edib.
 
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bu oyunda meydana iki fərqli heyət çıxarmışdı. İlk hissədə Şüvəlan təmsilçisinin heyəti daha çox gənclərdən təşkil olunmuşdu. Əhmədov matçın ikinci hissəsində isə əsas heyətə şans verdi. Viktor İqbekoyinin dublu və baxışa cəlb olunan Emin Mustafayevin qolu matçın hesabını təyin etdi – 3:0.
 
Oyundan sonra Əhmədov qarşıdakı planlarını saytımıza açıqladı:
 
"Hazırda komandada olan bütün futbolçuları gözdən keçiririk. Hələ ki, əsas heyətin futbolçularının kimlərdən qurulacağına dair seçim etməmişəm. Türkiyədə iyulun 25 və 27-də yoxlama matçlarımız olacaq. Həmin oyunlarda artıq ilk 11-liyi təyin edəcəyik. Demək olar ki, təlim-məşq toplanışına kimlərin gedəcəyini müəyyən etmişəm. Hələ qarşıda "Rəvan" və "Neftçala" ilə yoxlama matçımız var.  Futbolda zəif rəqib, komanda yoxdu. Bunun Dünya Çempionatında da şahidi olduq. Nə "Neftçala", nə də "Rəvan" zəif komandadı. Premyer Liqa komandaları ilə onsuz da 4 dəfə qarşı-qarşıya gələcəyik. Burada da eyni komandalarla yoxlama matçı keçirmək bezdirici olur. Ona görə istəyirəm ki, bu müddətdə vuruşan komandalara qarşı oynayaq. Qarşıdakı oyunlar taktiki gedişlər üçün nəzərdə tutulub. Komanda tək bir oyunçu ilə qurulmur. Bu gün mən Viktor İqbekoyi, Con Oluremi, Rəşad Abdullayevin üzərində oyun qurmuram. İstəyirəm ki, komanda şəklində oynayaq. Çünki sabah oyunu üzərində qurduğum futbolçunun yoxluğu bizə problem yarada bilər".
Shares: