Dünən AZAL növbəti yoxlama görüşündə tələbələrdən ibarət yığma komanda ilə qarşılaşdı. Futbolinfo.az xəbər verir ki, matçın ikinci hissəsində vurulan 3 qol oyunun taleyini həll etdi.
Matç tələbələrin xahişi ilə keçirilmişdi. Oyunun təşkil olunmasında məqsəd gənclərin tələbələr arasında Avropada keçiriləcək turnirə hazırlaşması idi. Təbii ki, bu mənada AZAL da növbəti mövsümə hazırlıq baxımından qarşılaşmadan az fayda görmədi.
Oyunun gedişatında bir sıra maraqlı məqam diqqətimizdən yayınmadı. Belə ki, tələbələrdən biri ikinci hissənin sonlarına yaxın zədələndi. Gənclərin həkimi isə meydana əlində hər hansı bir tibb çantası ilə yox, "sposibo" paketi ilə daxil oldu. Futbolçuya keyidici sprey vurduqdan sonra, onu meydanın kənarına gətirdilər.
Maraqlıdı ki, bu zaman futbolçunun zədə almış ayağına qoymağa həkimin buzu belə yox idi. O məcburiyyətdən AZAL-ın həkiminə müracət edərək, futbolçuya az da olsa, yardım edə bildi. Əslində bu durumda həkimi günahlandırmaq yalnış olar. Çünki burada onluq bir şey yoxdu. Onu hansı ləvazimatlarla təchiz ediblərsə, həkim də onlardan istifadə edir.
Bu gün, sabah ölkəmizi Avropada təmsil edəcək tələbələrə bu cür laqeyd münasibət bəsləmək olmaz. Avropada təşkil edilmiş turnir, Azərbaycanda keçirilən yarışlar kimi eyni deyil ki, hər şeyə göz yumasan. Sözsüz ki, bunlar xırda çatışmazlıqlardı. Ancaq ciddi nöqsanlar elə xırda çatışmazlıqlardan yaranır. Görəsən, Tələbə Futbol Federasiyasının prezidentinin gənclərin Azərbaycanı xaricdə təmsil edəcəyindən xəbəri var? Bu cür gülünc vəziyyətə görə heç Biləcəridən o tərəfə çıxmaq da məqsədə uyğun deyil. Özümüzü niyə gülünc vəziyyətə qoyaq ki?
EMİN SƏFƏROV