Ötən mövsümün sonlarına yaxın maliyyə problemləri ilə üzləşən "Bakı"nın növbəti çempionatda iştirak edib-etməyəcəyi hələ də sual altındadı. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi maliyyə böhranından qurtula bilmir. Komandanın üzvlərinə qalan 6 ayıiq borcların ödəniləcəyi deyilsə də, bu problem hələ də həllini tapmayıb.
Klubun prezidenti Hafiz Məmmədov iyunun 25-nə kimi işlərin düzələcəyini söz vermişdi. Ancaq həmin tarixdən bir necə gün keçməsinə baxmayaraq, vəziyyətin normala doğru irəliləməsi üçün heç bir iş görülməyib. Bu səbəbdən komandanın aparıcı üzvləri Rauf Əliyev, Əfran İsmayılov və Cavid Hüseynov komandadan canını qurtarmaq üçün çıxış yolu axtarırlar. Çünki artıq onlar da vəziyyətin düzələcəyinə ümid etmir və onlarla maraqlanan komandalara yollanmaq üçün qərarlarını verməlidilər.
İş burasındadı ki, klub prezidentinin təkcə futbolçulara yox, klubun bazasında çalışan işçilərin hamısına, eləcə də kommunal xərclərə görə borcu var. Redaksiyamıza daxil olan məlumata görə, bu borc təxminən 4 milyon dollara yaxındı. Deyilənə görə, AFFA da "Bakı"nın bu problemlə üzləşməsinə biganə qala bimir. Belə ki, AFFA "Bakı" futbol klubunun bazasını satın alıb, "ağ-zolaqlılar"ın bütün borcunu bağlamaq niyyətindədi.
Məsələyə “Bakı”nın icraçı direktoru Yaşar Seyidovun mübasibətini öyrəndik. Heç klubda ondan başqa müraciət etməli kimsə də yoxdu: “Bunlar yanlış informasiyalardı. AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov onsuz da klubumuzu dəstəkləyir, daim federasiya rəhbərliyinin qayğısını hiss edirik. AFFA “Bakcell”in son seçim turlarını bizim bazaya təyin etməklə də bunu göstərdi. Amma dediyiniz məsələylə bağlı deyilənlər doğru deyil. “Bakı”da problemlər çox qısa zamanda həllini tapacaq və çempionatdakı çıxışımızı davam etdirəcəyik”.
EMİN SƏFƏROV