DÇ-2014-də 1/8 final mərhələsi davam edir. Futbolinfo.az xəbər verir ki, mərhələnin üçüncü oyun günündə daha 2 qarşılaşma baş tutub.
 
Günün ilk oyununda Avropa və Afrika komandalarının dueli baş tutub. Söhbət E qrupunu lider kimi tamamlamış Fransa və F qrupunun ikincisi Nigeriyadan gedir. Mundialın ən məhsuldar komandalarından olan fransızlarla qara qitənin çempionatda qalan iki təmsilçisindən biri olan Nigeriyanın qarşılaşmasına maraq olduqca böyük idi. Fransızlar qarşılaşmanın sonlarında vurduqları iki qolla növbəti mərhələyə vəsiqəni təmin ediblər.
 
Gecə saatlarında isə daha bir Avropa – Afrika dueli yaşanıb. Bu dəfə G qrupunun birincisi Almaniya ilə H qrupunun ikincisi Əlcəzair münasibətlərinə aydınlıq gətirib. Qrup oyunlarında Qana qarşısında xeyli çətin anlar yaşayan Almaniyanın daha bir Afrika komandası ilə eyni çətinliyi yaşayıb-yaşamayacağı maraq doğururdu. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə olunan yarım saatın başlanğıcında və sonunda isə avropalılar lazım olan qolları vura biliblər. Əlcəzairlilərin vurduğu son saniyə qolu isə sadəcə, təsəlli xarakteri daşıyıb. Nəticədə Almaniya növbəti mərhələyə vəsiqə qazanıb.
 
Qeyd edək ki, cütlüklərin qalibləri 1/4 final mərhələsində rəqib olacaqdılar. Bu üzdən də yarımfinala vəsiqə uğrunda iki Avropa nəhəngi – Fransa və Almaniya bir-biri ilə mübarizə aparacaq.
 
DÇ-2014
1/8 final
30 iyun
 
Fransa – Nigeriya – 2:0
Qollar: Poqba, 79, Yobo, 90-öz qapısına.
 
Almaniya – Əlcəzair – 2:1
Qollar: Şürle, 92, M.Özil, 119 – Djabu, 120.
Shares: