Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" bu turnirin ikinci təsnifat mərhələsində Maltanın "Valetta" klubu ilə qarşılaşacaq. Futbolinfo.az saytına müsahibə verən ada klubunun kapitanı Rayan Fenek "Qarabağ"la oyunun onlar üçün asan olmayacağını bildirib. Ötən mövsümdə Maltanın ən yaxşı oyunçusu olan Rayan, buna baxmayaraq, rəqiblə başa-baş mübarizə aparacaqlarını da gizlətməyib:
 
– Öncə sizi Maltada ilin futbolçusu seçilməniz münasibəti ilə təbrik edirik!
– Diqqətinizə görə təşəkkür edirəm.
 
– "Qarabağ"ı rəqib olaraq necə dəyərləndirirsiz?
– Bizi "Qarabağ"la çətin oyunlar gözlədiyini yaxşı bilirik. İşimiz elə də asan olmayacaq. Amma bu, həm də Azərbaycan klubuna aiddi.
 
– Özünüzü "Qarabağ"la oyuna hazır hiss edirsiz?
– Bizim hələ 2 həftə vaxtımız var. Çalışacağıq ki, matça qədər tam hazır olaq. İndi bütün işimiz bunun üzərində qurulub. Fikirlərimiz də bu yöndədi.
 
– Rəqib haqda ətraflı məlumat əldə edə bilmisiz?
– Tədricən buna nail oluruq. Sonuncu dəfə "Qarabağ"ın Ukrayna "Şaxtyor"u ilə oyununu izləmək imkanımız olub.
 
– "Qarabağ" sizin üçün çətin rəqibdi, yoxsa püşkatmada bəxtinizin gətirdiyini düşünürsüz?
– İndi asan rəqib yoxdu. Çünki Çempionlar Liqasında ölkələrinin ən yaxşı klubları çıxış edir. Bizim də rəqibə cavab verə biləcək güclü futbolçularımız var.
 
– Sizcə, "Qarabağ"ın heyətində hansı futbolçular "Valletta"ya başağrısı olar bilər?
– Hazırda rəqib komandanın futbolçularını yaxından tanımağa çalışırıq. Hələ ki, bu barədə sizə heç nə deyə bilməyəcəm.
 
– İlk oyunun Maltada keçirilməsi işinizi çətinə sala bilər?
– Hər kəs ilk mərhələni keçməyin çətin olduğunu bilir. Buna görə də hamımız əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bəlkə də ilk oyunun bizim meydanda olması xeyrimizədi. Çünki öz azarkeşlərimizin önündə yaxşı nəticə əldə edə bilərik. Yarım qalan işi isə Azərbaycanda yekunlaşdıracağıq.
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp