DÇ-2014-də 1/8 final mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, növbəti mərhələyə adlayan iki klubun adına ötən gecə keçirilən qarşılaşmalarla aydınlıq gəlib.
 
Əvvəlcə Argentina və İsveçrə yığmaları üz-üzə gəlib. F qrupunun lideri və turnirin favoritlərindən sayılan Cənubi Amerika təmsilçisi E qrupunun ikincisi kimi pley-offa yüksəlmiş avropalılar qarşısında favorit göstərilirdi. Amma 90 dəqiqə ərzində tərəflər qapılara yol tapa bilməyiblər. Lakin əlavə vaxtda vurulan qol Messi və komanda yoldaşlarını sevindirib.
 
Mərhələnin son matçında isə azarkeşlər daha bir Amerika və Avropa komandalarının duelinə şahidlik ediblər. H qrupunun lideri Belçika G qrupunun ikincisi ABŞ-la münasibətlərə aydınlıq gətirib. Mundialın ən yaxşı heyətlərindən birinə sahib olan Belçikanın qrup mərhələsində müsbət təsir bağışlayan ABŞ qarşısında necə oyun göstərəcəyi maraqla gözlənilirdi. Bu görüşün də 90 dəqiqəsi qolsuz tamamlanıb. Amma əlavə vaxt başlayan kimi hesabı açan avropalılar daha bir qol vuraraq, növbəti mərhələyə vəsiqəni təmin ediblər. Amerikalıların vurduğu bir qol isə təsəllidən başqa nəyəsə yaramayıb.
 
Qeyd edək ki, 1/4 finalda Belçika və Argentina üz-üzə gələcək.
 
DÇ-2014
1/8 final
1 iyul
 
Argentina – İsveçrə – 1:0
Qol: Di Mariya, 118.
 
Belçika – ABŞ – 2:1
Qollar: De Breyne, 93, Lukaku, 105 – Qrin, 107.
Shares: