Braziliyada keçirilən 20-ci Dünya Çempionatında həyəcan davam edir. Futbolinfo.az xəbər verir ki, mundialın autsayderlərinin çempionatın fovoritlərinə qarşı inamlı oyunu yarışa əlavə rəng qatır.
Azərbaycan millisinin DÇ-nin pley-off mərhələsində iştirak etməsinə illər, əsrlər, qərinələr lazımdı. Buna görə yerli azarkeşlər təsəllini Türkiyə millisində tapırdılar. Ancaq uzun illərdi qardaş ölkə yığmasının da pley-off mərhələsində iştirak etməməsi, bizləri seçim qarşısında qoyub. Aramızda Almaniya, Hollandiya, Braziliya, Fransa, Argentina, İspaniya və İngilltərə kimi nəhənglərlə yanaşı, baxımlı və mübariz oyun sərgilədiyinə görə Afrika qitəsindən olan komandalara da rəğbət bəsləyənlər var.
Sizə təqdim etdiyimiz fotoreportaj iyunun 26-da keçirilmiş ABŞ – Almaniya matçına həsr olunub. Bu reportaj Braziliyada yox, Almaniya səfiri Haydrun Tempelin iqamətgahındadı. Səfir xanım ABŞ – Almaniya matçını izləmək üçün səfirlik işçilərini və bir sıra qonaqları öz iqamətgahına dəvət edib. Qonaqlar arasında AFFA-nın katibi Elxan Məmmədov və U-21 yığmamızın alman baş məşqçisi Bernard Lippert də yer alıb.
Millimizin baş məşqçisi Berti Foqtsun ABŞ yığmasında Yurgen Klismanın məsləhətçisi, ev sahibəsinin də Almaniya səfiri olduğunu nəzərə alsaq, Elxan Məmmədovun kimə azarkeşlik etdiyi sual doğurur.