Azərbaycanlı iş adamı Hafiz Məmmədovun satın aldığı İngiltərənin “Şeffild Uensdey” klubunun prezidenti Milan Mandariç maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, “The Star”a danışan Mandariç Məmmədovun digər klubu “Lans”dakı (Fransa) problemlərlə bağlı fikirlərini bölüşüb.
 
O, Fransa təmsilçisindəki maliyyə problemlərinin onun klubuna təsirinin olmadığını deyib: “Mən bunu vecimə almıram. Bu məsələnin “Şeffild Uensdey” və Məmmədovla əlaqələrimizə dəxli yoxdu. Bu qədər sadə. Mən başqa klublardakı vəziyyətlə bağlı danışmaq istəmirəm. Çünki bu məlumatların mənə aidiyyatı yoxdu. Mən sadəcə olaraq, hər bir kəsə gələcəkdə yaxşı münasibətlər arzulayıram. Mənim maraqlandığım budu”.
 
Qeyd edək ki, Hafiz Məmmədova məxsus Fransanın "Lans" klubunu ötən mövsüm ölkənin yüksək liqasına vəsiqə qazansa da, problemlə üzləşib. Fransanın İdarəetməyə Nəzarət üzrə Milli Direktoriyası (DNCG) klubun 2014/15 mövsümü üçün büdcəsinin maliyyə kriteriyalarına uyğun gəlməməsini səbəb göstərərək, komandanın Liqa 1-də iştirakına qadağa qoyub. “Lans”ın prezidenti Jerve Martel isə açıqlamasında bir neçə gün öncə Bakıda olduğunu və Məmmədovla görüşdə ona 10 milyon avro bank təminatı verildiyini deyib. Lakin Azərbaycanda bayramla əlaqədar banklar işləməyib və pul transferi alınmayıb. Bu problemin iyulun 9-dək yoluna qoyulması gözlənilir. Əks halda "Lans" yenə Liqa 2-də çıxış etməli olacaq.
Shares: