"Xəzər Lənkəran" futbol üzrə Azərbaycan millisinin və "Bakı"nın hücumçusu Rauf Əliyev sevdasından əl çəkmir. Futbolinfo.az xəbər verir ki, sözügedən hücumçu hər an Lənkəran təmsilçinin düşərgəsində peyda ola bilər.
Bu barədə saytımıza açıqlamasında cənubluların mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Onun sözlərinə görə, Əliyev "Bakı" ilə mövcud problemini həll etsə, "Xəzər Lənkəran"ın təlim-məşq toplanışına qatılacaq:
"Mətbuatdan Rauf Əliyevin "Bakı"nın məşqlərinə qatılmadığını xəbər tutmuşuq. Raufla bütün məsələləri danışmışıq. Aramızda qaranlıq qalan, həll edilməyən bir məsələ qalmayıb. Sadəcə, Əliyev müqaviləsi olduğu klubla məsələsini həll etməlidi. Hücumçu "Bakı" ilə razılığa gəlsə, bizim təlim-məşq toplanışına qatılmalıdı".
Rauf Əliyev dünən saytımıza açıqlamasında "Bakı" ilə probleminin həll edilməsi üçün qoyulan müddətin bu gün bitəcəyini vurğulamışdı. "Zolaqlılar"ın kapitanı ilə əlaqə saxlayıb, məsələnin nə yerdə olduğunu aydınlaşdırdıq. Ancaq futbolçu hələ də bir yenilik olmadığını bildirdi:
"Axşam görüş olmalıydı. Güya görüş baş tutmayıb. Hələ ki, gözləyirəm. Klubun mənə olan borcunun qarşılığında mənə azad agent statusu vermirlər. Nəyi gözlədiklərini bilmirəm. Klubun prezidenti ilə heç kim görüşə bilmir. Yaşar Seyidov da Hafiz Məmmədovla görüşməliydi. Ancaq bu görüş də alınmayıb. Hələ ki, qeyri-müəyyənlikdi".
Futbolçudan "Bakı"nın ona nə qədər pul borclu olduğunu soruşsaq da, Əliyev bunu gizli saxlamağı üstün tutdu. Ancaq bizdə olan məlumata görə klubun ona 250 min dollar borcu var.