Uzun müddətdi maddi problemlərlə üz-üzə qalan "Bakı" bu duruma tab gətirmədi. Futbolinfo.az xəbər verir ki, daha bir klubumuz tarixin yaddaşına köçdü.
Əldə etdiyimiz məlumata görə, klub artıq dağılıb. Yaxın 2 gün ərzində bunun rəsmən açıqlanması gözlənilir. Klubun təlim-məşq bazasının, bütün mülkiyyətinin və səhm paketinin isə Beynəlxalq Bankın sədri Cahangir Hacıyev tərəfindən alındığı bildirilir. Düzdü, klubun kimə qismət olacağıyla bağlı xəbər dəqiq deyil, “Bakı”nın yeni sahibi başqa bir şəxs də ola bilər. Eyni zamanda klubun təlm-məşq bazasının kiminsə tərəfindən alınması, “Bakı”nın isə fəaliyyətini dayandırması da realdı. Ancaq istənilən halda Hafiz Məmmədovun daha klubun prezidenti və sahibi olmayacağı dəqiqdi.
"Bakı" tərəfindən məsələyə yalnız icraçı direktor Yaşar Seyidovun münasibətini öyrənə bildik. O, hər dəfə bu cür xəbərləri "Bakı"nın istəməyənlərin yaydığı yalan məlumat kimi dəyərləndirsə də, bu dəfə səthi təkziblə kifayətləndi. Seyidov hazırda iş yerində olduğunu, komandanın isə səhər saatlarında məşq etdiyini bildirdi. "Yəni, yalan məlumatdımı" sualına isə Yaşar bəy “bizə hələ heç nə deyilməyib” deyə cavab verdi.