La Liqa çempionu "Atletiko"nun "Arsenal"lı futbolçu Santi Kazorla ilə maraqlanması Türkiyə yığmasının yarımmüdafiəçisi Ardanın Madriddən ayrılmasına səbəb ola bilər. Futbolinfo.az xəbər verir ki, belə bir iddia ilə İngiltərə mətbuatı çıxış edib.
Məlumatda bildirilir ki, "Atletiko" Kazorlanı heyətinə qatmaqda maraqlıdı. Lakin bu transfer üçün Ardanın da İngiltərə klublarından birinə keçməsi şərtdi. Türkiyəli futbolçunun meneceri daha əvvel verdiyi açıqlamada Premyer Liqa klublarının Arda ilə maraqlandığını bildirmişdi. Mediada Ardanın "Mançester Yunayted", "Çelsi" və ya "Liverpul"a transfer olunacağı barədə xəbərlər dolaşmaqdadı. O, "Atletiko"dan gedəcəyi halda, Madrid klubu bu transferdən 33 milyon funt- sterlinq qazana bilər. Yalnız bu transfer baş tutacağı halda "Atletiko" 18 milyon funt-sterlinq qarşılığında Kazorlanı transfer edəcək. Təbii ki, qalan pula daha bir neçə oyunçunun alınması da istisna deyil.