Hazırda Braziliyada keçirilən Dünya çempionatı ilə bağlı yerli mütəxəssislərimizin fikirlərini öyrəndik. Futbolinfo.az olaraq, maraqlandıq ki, bizim yerli mütəxəsisslər mundialda iştirak edən komandaların baş məşqçilərindən nələr öyrənirlər.
İlk həmsöhbətimiz veteran futbolçu və Azərbaycan milli komandasının baş məşqçi köməkçisi Mahmud Qurbanov öyrənməkdən çox, təcrübə keçməyin tərəfdarı olduğunu bildirdi: “Hesab edirəm ki, gənc məşqçilər üçün ən yaxşısı təcrübə keçməkdi. Məşqçiliyi öyrənmək üçün ən yaxşısı işləməkdi. Dünya çempionatında dünyaca məşhur, dahi baş məşqçilər var. Onların oyunçu dəyişiklərini, taktiki həmlələrini izləmək yaxşıdı. Bu, bizim üçün bir dərsdi. Amma, yenə də deyirəm ki, belə oyunlara baxmaqdan əlavə, təcrübə də olmalıdır ki, gənc məşqçilər daha çox inkişaf etsin. Misal üçün qeyd edə bilərəm ki, Hollandiya millisinin baş məşqçisi Luis Van Qal yaxşı nümunədi. O, oyun vaxtı futbolçuların yerini dəyişir, taktiki gedişlər edir. Onun həmlələrini izləmək maraqlıdı”.
Ancaq vaxtilə Qurbanovun da baş məşqçisi olmuş Şahin Diniyev DÇ-2014-dəki komandaların baş məşqçilərindən öyrəniləsi, nümunə götürüləsi çox şey olduğunu dedi: “Bu Dünya çempionatı əvvəlkilərə nisbətən məşqçilərin duelidi. Bütün komandalar kolletiv şəkildə mübarizə apardılar, kolletiv şəkildə uğur qazandılar. Bu oyunlarda hansısa oyunçunun fərdi çıxışı yox, məşqçi taktikaları daha çox rol oynadı. Misal üçün Ələcəzair, Çili, Meksikaya baxsaq, o, komandalardakı məşqçilərin taktiki gedişləri fantastik idi. Bu komandalarda ulduzlar olmasa da, məşqçilərin işi öz sözünü dedi. Dünya çempionatında indiyə kimi keçirilən oyunlara nəzər salsaq, qazanılan uğurlarda məşqçilərin əməyi böyükdü. Biz mütəxəsiss kimi baxanda təkcə oyunçuların gücü yox, komanda şəklində müdafiə olunma, müdafiənin qurulması, müdafiədən hücuma sürətli çıxışların şahidi oluruq. Bu çempionatda çox yeniliklər var. Doğrudan da, məşqçilər diqqətlə izləsələr, buradan çox şey götürə bilərlər. Taktiki sxemlərdə də çox dəyişiklər olurdu. Bəzən 3-5-2, bəzən 4-5-1 sxeminə keçirdilər. Bəzi komandalar üstün müdafiə sxemini yoxladılar. Bəzən arxada 2 müdafiəçi ilə oynadılar. Ümumiyyətlə, burada çox şey var idi. Əlcəzairin son oyununda baş məşqçisi Vahid Halilhociçin işini xüsusi qiymətləndirərdim. Almaniya kimi mükəmməl təşkil olunmuş komanda 90 dəqiqə ərzində onların qarşısında heç nə edə bilmədi. Bu, baş məşqçinin necə düzgün taktika seçməsini göstərdi. Almaniyanın Avropada ən yaxşı futbol oynayan komanda olmasına baxmayaraq, onlar Əlcəzair qarşısında heç nə edə bilmədi. Çünki Halilhociçin komandası həm yaxşı müdafiə olunurdu, həm də hücumda tez çoxala bilirdi. Almaniya Halilhociçin taktikası qarşısında aciz qaldı”.
AZAL klubunun sabiq baş məşqçisi Vaqif Sadıqov isə gənc mütəxəsisslərə öz tövsiyələrini dilə gətirdi: “İstər-istəməz görürük. Bu gün Avropada olan inkişaf tendensiyası göz qabağındadı. Biz görürük ki, komandalar 90 dəqiqə yüksək fiziki güclə oyun göstərə bilir. Bundan əlavə, komandalar rəqibə uyğun taktiki gediş edirlər. Bunu Meksikaya da, Kolumbiyaya da aid etmək olar. Düzdü, hazırda bəzi məşqçilər konservativ baxışlarla komanda idarə edirlər və yeniliklərə əl atmırlar. Amma bu çempionatda elə məşqçilər var ki, özlərini sübut etmək istəyirlər. Burada Meksikanı, Kolumbiyanı, Əlcəzairi qeyd etmək olar. Onlar bizə göstərdilər ki, hər bir rəqibə qarşı mübarizə aparmaq mümkündü. Bu Dünya çempionatında biz psixoloji hazırlığın da ön planda olduğunu müşahidə etdik. Kənardan hər şey asan görünür, amma vəziyyət başqadı. Misal üçün, Hollandiyanın baş məşqçisi ilə bağlı tez-tez deyirlər ki, əvəzetmə ilə oyunun gedişini dəyişir. Yaxud, Meksika millisinin baş məşqçisi hər oyunda ayrı-ayrı taktiki gedişlər etməklə nəticələr qazandı, amma Hollandiya ilə matçın son dəqiqələrində, o, oyunu lazımi səpkidə idarə edə bilmədi. Ümumiyyətlə, bu oyunlar onu göstərir ki, futbol inkişaf edir. Topla sürətli rəftar, sürətli ötürmələr və sürətli qərar vermək vacibdi. Biz burada retro sistemlə komandanı idarə etməyi də gördük. Yəni 3 müdafiəçi ilə oynadılar. Meksika, Çili, Əlcəzair kimi komandalar çempionata yenilik gətirdilər. Biz çoxdan unudulan sistemin yeni formatda təqdimatını gördük. Mən də gənc mütəxəssislərə onu deyə bilərəm ki, oyunları peşəkar gözlə izləsinlər. Lazımlı qeydlər götürsünlər. Əgər biz futbolumuzu inkişaf etdirmək istəyiriksə, dünya futbolunu yaxşı izləyib, onunla ayaqlaşmalıyıq”.
ELMAR VƏLİYEV