6 şeytan rəqəmidi – bunu da arxada qoydusa, daha Peşəkar Futbol Liqasına zaval yoxdu. Çəkişə-çəkişə, bərkişə-bərkişə keçilən 6 il və artıq Ramin Musayevin rəhbərlik etdiyi qurum məktəbə gedəsi yaşındadı.
 
Kövrək addımları atdığı vaxtda büdrəməyən PFL artıq kamilləşib, səhvlərdən nəticə çıxararaq mətinləşib. İndi heç kim bu quruma təkcə AFFA-nın bir qolu kimi baxmır. Səhvləri, düzləri ilə PFL milli çempionatın əsas nizamlayıcısı, təşkilatçısıdı. Bəlkə də ona Musayev deyil, bir başqası rəhbərlik etsəydi, indi Peşəkar Futbol Liqası da sıradan bir qurum, assosiasiyanın fəaliyyətsiz filialı idi. Amma Ramin bəy xarakteri, bəzən ekstravaqantlığı ilə rəhbərlik etdiyi təşkilatın söz sahibi olmasında rol oynadı.
 
Musayev əksər vaxtlarda AFFA üçün qalxan rolunu oynadı. Bütün problemlər zamanı zərbəni üzərinə götürdü, çətin məqamlarda sinəsini qabağa verdi. İddialı klub prezidentləri ilə üz-üzə gəldi, onların hamısını yola verməyi, ümumi narazılıqları səngitməyi bacardı. Və PFL-in 6 illik çətin yolu şərəflə keçməsində böyük rol oynadı.
 
2008-ci il iyulun 2-də əsası qoyulan qurum milli çempionatı Premyer Liqa adı ilə düzənli bir vəziyyətə gətirdi, artıq I divizionda da mübarizə müntəzəm halda davam edir. Düzdü, bunların hər birində problem var, ancaq artıq onlar PFL-in günahı deyil, klubların mövcudluğunu davam etdirə bilməməsi ümumi problemdi. Hər nə qədər anormal olsa da, Peşəkar Futbol Liqası məhz ölkə futbolunun inkişafı, daimi çempionatın mövcudluğu naminə hətta onlardan bəzilərinə maddi yardım, demək olar, hamısına güzəştlər də edir. Bunu etməlidimi, Yox! Amma etməsə nə olacaq? Fikirləşmək belə çətindi. Ola bilsin ki, 4-5 komandanın iştirakı ilə sıradan bir yarış izləyəcəyik. Axı, bölgələrdə futbola pul xərcləyən rayon rəhbərləri, iş adamları çox azdı.
 
Bu 6 ildə PFL-in çox uğuru olub. Amma onlardan ən əsası əvəzedici heyətlər arasında yarışın təşkilidi. Premyer Liqaya sponsorun cəlb olunması 6 il öncə bəlkə də çoxlarının mümkünsüz saydığı bir iş idi. Oyunların teletranslyasiyasında nizamın yaradılması, gənc hakimlərə etimad göstərilməsi, çempionatda hər ay fərqlənən futbolçuların mükafatlandırılması tədbirləri, ümumiyyətlə, medalçıların daha təmtəraqlı təltifi, klublara sponsorların cəlb olunmasıyla bağlı işlər də PFL-in nailiyyətləri sırasındadı. Azərbaycan Superkuboku uğrunda matçın bərpasını da qeyd etmək lazımdı. Bütün bunlar isə çempionatın səviyyəsinin qalxmasına, dünya reytinqində böyük sıçrayışa, 60 pilləlik irəliləyişə səbəb oldu. Klublarımız avrokuboklarda əvvəlki illərlə müqayisədə daha yaxşı çıxış edirsə, bunda da çempionatın daha səviyyəli təşkili, ədalətli rəqabətin mövcudluğu rol oynayır.
 
Bütün bunlar Peşəkar Futbol Liqasının qısa zamanda gördüyü müsbət işlərin ümumi məcmusu, mənzərəsidi. Ancaq PFL səhvlərdən də xali deyil. Elə çatışmazlıqlar var ki, onları qabardıb həllinə nail olmaq lazımdı. Bu gün onları sadalamaq istəmirik, ad günündə futbol qurumunun qanını qaraltmayaq. Ancaq tezliklə çatışmazlıqların da siyahısını diqqətə çatdıracağıq ki, Ramin Musayev öz komandası ilə birlikdə onları aradan qaldırıb növbəti ad günündə daha çox tərif eşitsin. Axı, 7 müqəddəs rəqəmdi…
 
FƏRİD
Shares: