"Qəbələ" sabah tarixində ilk dəfə Avropa Liqasında debüt edəcək. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" sabah Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandasını qəbul edəcək. Saytımıza müsahibə verən əyalət klubunun vitse-prezidenti Fariz Nəcəfov komandanın oyuna tam hazır olduğunu bildirməklə yanaşı, maksimum nəticə göstərməyə çalışacaqlarını bildirib:
 
– "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanıb. Klub olaraq bu ilkə necə hazırlaşmısız?
– Stadionu hazır vəziyyətə gətirdik. Hər şey qaydasındadı. Məşqlər öz axarı ilə gedir. Futbolçularda da əhval-ruhiyyə yüksəkdi. Mənə elə gəlir ki, "Şiroki Briyeq" səddini keçmək imkanımız var. Heç bir sahədə çatışmazlıq yoxdu. Sadəcə, uşaqlar məşqçinin verdiyi göstərişi yerinə yetirə bilsə, nəticənin yaxşı olacağına inanıram.
 
– İlk oyunun Qəbələdə baş tutması sizin üstünlüyünüzdü, yoxsa əksinə olduğunu düşünürsüz?
– Mən belə şeylərə fikir verən deyiləm. Bizim üçün fərqi yoxdu. Onsuz da rəqib meydanında da oynamalıyıq. Bəzi nüanslar var ki, buna birmənalı yanaşmırlar. Bəzi futbolçular deyir ki, ilk oyunumuz səfərdə olsaydı, orada qeydə alınan nəticəni burada kompensasiya etmək olardı. Mənə elə gəlir ki, bunun fərqi yoxdu.
 
– Komandanın heyət baxımından problemi yoxdu ki? Çünki gedənlər çox oldu, gələnlər isə az…
– Bəli, çatışmazlıqlarımız var. Ancaq mənə elə gəlir ki, birinci mərhələni keçmək üçün heyətimiz yetərlidi. Növbəti mərhələ və çempionat oyunları üçün futbolçular lazımdı.
 
– Komandanın qarşısında neçə mərhələ adlamaq vəzifəsi qoyulub?
– Nəyə gücümüz çatırsa, bir o qədər də irəli getməliyik. Əsas odu ki, ilk mərhələni keçək. Bunu keçsək, növbəti mərhələlər haqda fikirləşməyə dəyər. Komandanın qarşısında mütləq 2 və yaxud da 3 mərhələ keçmək vəzifəsi qoyulmayıb. Bacardığımızın maksimumunu göstərməliyik.
 
EMİN SƏFƏROV
Shares: