Rauf Arifoğlu: “Karyeramı ömrümün sonuna qədər sürdürmək niyyətindəyəm”
 
“FUTPOLitika” – Azərbaycanda indiki siyasi durum, dünya futbolu və sən futbolçu olsaydın…
 
25 ildir meydandadı. Oynayır. Kimisi onu sevir, alqışlayır, kimisi isə ittiham edir, rəqibə ötürmə etməkdə suçlayır. Yaxşı futbolçu olmadığını deyənlər də az deyil, bunun əksini söyləyənlər də. Ancaq bir şey dəqiqdi. Dayanmadan, yorulmadan, hətta usanmadan belə işləyir, çalışır. Söhbət “Yeni Müsavat” qəzetinin, www.musavat.com və www.minval.az saytlarının rəhbəri Rauf Arifoğludan gedir.
“FUTPOLitika”da o necə oynadı? Bunu yenə də siz müəyyənləşdirin…
 
– Həyat ədalətlidir, yoxsa hakimlər?
– Mütləq Ədalət Allahdadır. Nə həyatda, nə də hakimlərdə onu aradım. Ancaq ədalətli olmağa çalışdım.
 
– Sizi danışılmış oyunlarda iştirakda suçlayırlar.
– Siyasət futboldan fərqli olaraq “şikə” sənətidir (oyunların alınıb-satılması – R.D.). Burada hər şeyi ayaqlar yox, baş və dil həll edir. Suçlamaya gəlincə, azarkeşlərin reaksiyaları qədər onların təftiş, küfür  və etirazları da gözəldir. Bu, futbolçunu formada saxlayır.
 
– Bəs, oyun danışan futbolçulara, məşqçilərə, eləcə də klub prezidentlərinə necə baxırsız?
– Oyun sahədə və təmiz olmalı, güclü, haqq edən qazanmalıdır. Ancaq heç də hər zaman belə olmur və heç də hər zaman belə olmayacaq.
 
– Deyəsən, ömürlük diskvalifikasiya cəzasına məhkum olmamaq üçün çox ehtiyatlı oynayırsız?
– Qəzetçinin, yaradıcı adamın diskvalifikasiya cəzasını özündən başqa kimsə kəsə bilməz.
 
– Futbolçu qol vurandan sonra mükafat alır. Bəs, siz necə? Hər dəfə toru silkələyəndə klub prezidentinin mükafatına layiq görülürsüz?
– Mənim oynadığım klubun prezidenti Allahdır. Mükafatımı axirətdə gözləyirəm.
 
– 11 metrəni dəqiq yerinə yetirməyəndə baş məşqçiylə aranızda problem yaranmır?
– Deyəsən, bu komandanın baş məşqçisi də elə mən özüməm axı.
 
– Bir futbolçu kimi aylıq maaşınızı vaxtı-vaxtında ala bilirsiz?
– Aylıq maaş alımıram. Əvvəllər aylıq qazancım olurdu, sahibkar-baş məşqçi kimi. 
 
– Rauf Arifoğlunun transfer qiyməti neçəyədi?
– 25 ildir mənim qiymətim…
 
– Bir futbolçunun meydanda tez-tez simulyasiya etməsinə necə baxırsız?
– Keyfiyyətli simulyasiyaya maraqla baxıram. Bu da futbolun ayrılmaz bir elementidir. Ancaq istənilən simulyasiya asta çəkimdə onsuz da üzə çıxır.
 
– Karyeranızı nə vaxt bitirmək istəyirsiz? Zidan kimi sonuncu nöqtəni qoymaqla, yoxsa Romario kimi 1000-ci qolu vurana qədər…
– Karyeramı ömrümün sonuna qədər sürdürmək niyyətindəyəm.
 
– İndiyə qədər neçə futbolçunun transferində birbaşa iştirak etmisiz?
– Futbolçularımın heç nəsiz və xaincə transferlərinə üzülmüşəm. 
 
– Sonuncu dəfə nə vaxt və kimin torunu silkələmisiz?
– Hər gün bir çox qapılara qol vururuq. İşimiz budu. Bizim üçün artıq həyat tərzinə çevrilib.
 
– Sizə İsa Qəmbərə, yoxsa İlham Əliyevlə ötürmə etmək daha rahatdı?
– İsa Qəmbərlə siyasət də, ötürmə etmək də rahat və zövqlüdür. İlham Əliyevlə heç yoxlamadım. Məncə, bunu Əli Kərimlidən soruşmaq lazımdır. Bir zaman o, indiki prezidentə ötürmə edə-edə müxalifəti dağıdırdı.
 
– Ancaq azarkeşlər, o cümlədən futbolçular sizi daha çox rəqibə ötürmə etməkdə suçlayır.
– Mənim komandam 25 ildi uğurla oynayır. Bu cür suçlamalar ətrafdakı uğursuzlardan və qərəz dağarcıqlarından gəlir. O da hərdən. Dözmək olar, nə edək? Top hər zaman bizdədi – o üzdən də haqqımızda danışanlar da olur.
 
– Hər dəfə meydana çıxanda rəqib komandanın azarkeşlərinin fitə basmağından narahatlıq keçirmirsiz?
– Mənim əsəblərim məşqlərdən keçmiş əsəblərdir.
 
– 2013-cü il seçkisində “Qızıl top”u kim aldı?
– “Qızıl top”u da, “Qızıl buts”u da indiki prezident aldı.
 
– Rəqib meydanında, yoxsa öz yerinizdə oynunuz yaxşı alınır?
– Fərq eləmir. Ancaq rəqib meydanında özümü daha güclü hiss edirəm.
 
– Komanda yoldaşlarınızla münasibətiniz necədi? Onlar sizdən razıdır?
– Mənimlə yol gedənlər əksər vaxt razılıq edirlər.  
 
– Məşq zamanı yoldaşlarınızın məsləhətinə qulaq asırsız, yoxsa zərbələri necə vurmağın yollarını bildiyiniz üçün buna önəm vermirsiz?
– Hər zaman yoldaşlarımın məsləhətinə qulaq asıram, dinləyirəm. Ancaq çox zaman öz bildiyimi edirəm. 25 ildə bunu da sınaqdan çıxartdım ki, mənə özümdən yaxşı canıyanan məsləhətçi yoxdu…
 
– Hakim komanda olan YAP-dan kimin oynunu bəyənirsiz?
– Səyavuş Novruzovun. Komandasının unikal oyunçusudur.
 
– Bir dəfə həbs olunmusunuz. Bu, rəqib oyunçunu zədələdiyinizə görə idi, yoxsa sizi transfer etməyə hesablanmışdı?
– Bir yox, iki dəfə həbs olunmuşam. Bu baxımdan, verdiyiniz sual əskik qalır, faktlar “saxta”dı. Özüm kimlərisə transfer edir və ya etdirirəm. Hər hansı bir şəxsin məni transfer etdirməsi masştabımla tərsdi, mümkünsüzdü.
 
– Azarkeşlər niyə sizin oynunuzu televiziyadan seyr etməməlidi? Nədən bilet alıb stadiona gəlməlidi?
– Bunu azarkeşlərə sormanız lazımdı.
 
– Rauf Arifoğlu son sözünü deyibmi? Deməyibsə, bunun zamanı çatmayıb?
– Mən sözümü demişəm, deyirəm və deyəcəm. Ancaq rəsmi olaraq son sözü bir dəfə məhkəməmdə dedim. Ondan sonra 5 il cəza verdilər…
 
– Rauf Arifoğlu özünü “iqrok” sayırmı?
– “İqrok” bir insanın xassəsini ən aşağı şəkildə ifadə edən kəlmədir. Onu işlədənlərin də ciddi bir dünyagörüşə sahib olduğunu düşünmürəm.
 
Ramin DEKO
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp