"Rəvan"ın qapıçısı Kamal Bayramov futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Futbolinfo.az xəbər verir ki, əlcək sahibi bu barədə sosial şəbəkələrin birində, öz şəxsi səhifəsində yazıb. O, buna görə müqavilə ilə məxsus olduğu klubunu ittiham edib.
 
Bayramov karyerasını başa vurmağına hər hansı bir ağrı və ya zədə səbəb olmadığını bildirib. Əlcək sahibi sıx-sıx klub rəhbərliyi ilə görüşüb, gələcək karyerası ilə bağlı söhbət edib. O, "məni əgər klubda istəyirsizsə mənə olan borcunuzu bağlayaq və danışdığımız kimi müqaviləmiz davam etsin, əks halda yeni komanda tapmaq üçün mənə icazə verin" desə də, Kamalın xahişi nəzərə alınmayıb. Hazırda psixoloji gərginlik keçirən qapıçı çarəsiz qaldığını bildirib.
 
Qarşı tərəf isə bu itihhamlarla heç cür razılaşmır. Saytımıza açıqlama verən "Rəvan"ın mətbuat xidmətinin rəhbəri Şamo Quliyev məsələyə fərqli münasibət bildirib. O, Kamal Bayramovun özünə klub tapacağı təqdirdə onu buraxacaqlarını bəyan edib:
 
"Rəvan” Kamal Bayramova özəl şərt irəli sürüb. Bildiyiniz kimi, Novruz Məmmədov, Ceyhun Cavadov, Elvin Həsənəliyev və Orxan Lalayev bizimlə müqavilələrinin müddəti uzadıldıqdan sonra icarəyə veriliblər. Lakin sözləşməsinin müddəti 2015-ci ilin mayında bitəcək Kamaldan bu, tələb olunmur. Ona deyilib ki, özünə klub tap, keçidinə şərait yaradacağıq. Ancaq Bayramov klub tapmaq əvəzinə, “Rəvan” rəhbərliyini ona əngəl olmaqda ittiham edir.
 
Kamalın Türkiyə klubuna keçidinin alınmamağında “Rəvan”ın heç bir günahı yoxdu. Bu məsələdə onlar qeyri-ciddi davrandılar. Bayramovu həqiqətən transfer etmək istəyən klub bizə müraciət edərdi. Lakin “Girəsunspor”dan bizimlə kimsə əlaqə saxlamadı. Sonra mətbuatdan oxuduq ki, türklər Kamaldan imtina edib. Bundan sonra isə Bayramov klubun ofisinə gələrək, ona azad agent statusu verilməsini istədi. Rəhbərlik isə bildirdi ki, bir şərtlə keçidə şərait yaradarıq – konkret klub olsun. Həmçinin ona komandada qalmaq da təklif olunub. Kamal isə deyir ki, konkret təklifim yoxdu, amma azad agent statusu istəyirəm. Klub yoxdusa və “Girəsunspor” dəftəri həqiqətən bağlanıbsa, transfer vərəqəsini tələb etməyin nə anlamı var? Zatən, “Rəvan” onun başqa kluba keçidinə qarşı deyil. Ona deyilib ki, özünə klub tap, rəsmi müraciət olunsun, buraxaq, get".
 
"Kamal həmişə kluba can yandıran futbolçu olub. Elə “Rəvan”ın da onun bir futbolçu kimi formalaşmasında böyük rolu olub. Mövsümün sonuna yaxın zədələnmişdi, öz istədiyi yerdə müalicəsi təşkil olundu. Hətta Bayramov mətbuat vasitəsi ilə buna görə klub rəhbərliyinə təşəkkür də etdi. İndi isə fərqli sözlər deyir".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp