Tarixində ilk dəfə Avropa Liqasında vəsiqə qazanan "Qəbələ"nin debütü uğurlu alınmadı. Futbolinfo.az xəbər verir ki, "qara-qırmızılar" birinci təsnifat mərhələsinin ilk matçında Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandasına məğlub oldu. Doğma azarkeşləri önündə ilk matçda 0:2 hesabı ilə uduzan əyalət təmsilçisi cavab matçı üçün ümid yeri qoymadı.
 
"Qəbələ" Avroliqada ilk dəfə çıxış etdiyi üçün təcrübəsizlik öz sözünü dedi. Komandanın məğlub olması da gözlənilən idi. Çünki Dorinel Muntyanunun yetirmələri bu turnirə yüksək səviyyədə hazırlaşa bilməmişdi. Onun baş məşqçi postuna gəldiyi vaxta qədər isə bir sıra aparıcı futbolçular komanda ilə yollarını ayırmışdı. Ruslan Əmircanov, Ruslan Abışov və rumın məşqçinin gedən futbolçuların yerini doldurmaq üçün dəvət etdiyi həmyerliləri Andrey Kristya və Adrian Ropotan da məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı.
 
Sözsüz ki, klub rəhbərliyinin də məğlubiyyətdə müəyyən qədər günahı vardı. Çünki onların israrla bolqarıstanlı İvaylo Petevi komandanın "sükanı arxasına" gətirmək istəyi, "Qəbələ"nin Avroliqaya hazırlaşması üçün verilən vaxtı qısaldırdı. Bütün bunları nəzərə alsaq, komandanın məğlub olma səbəbləri bəllidi.
 
Rumın çalışdırcını bir matça görə dar ağacına çəkmək olmaz. Çünki rumın çalışdırıcının əlində Syominin vaxtındakı kimi yetərli futbolçu yox idi. Hər hansı bir futbolçunu da tez bir zamanda komandaya cəlb edib, əsas heyətdə meydana buraxmaq isə özü böyük məsuliyyət tələb edirdi. Ancaq düşünülənlərin əksinə Muntyanu əsas heyətdə akademiyanın yetirməsi Elvin Camalova şans vermişdi ki, o da özünü pis tərəfdən göstərmədi.
 
Lakin Muntyanunun da müəyyən səhvləri vardı. Ən azından ona görə ki, o, rəqibi ciddiyə almadı. Hələ oyundan öncə azərbaycanlı jurnalistlərlə söhbətində rumın mütəxəssis çox arxayın danışmışdı. Rəqibi aşağılayan Dorinel unudurdu ki, "Qəbələ" onun əvvəl çalışdığı daha səviyyəli klublardan deyil və Bosniya futbolu bizimki ilə müqayisədə daha irəlidədi. Muntyanu ən azından komandasının heyətindəki çatışmazlıqlara görə belə arxayın danışmamalı, rəqibi aşağılamamalıydı. Amma o, əksini etdi və bəlkə də elə buna görə cəzasını aldı.
 
"Şiroki Briyeq" komandası ilə evdə keçirilən ilk oyunda qeydə alınan 0:2 hesabı cavab matçı üçün "Qəbələ"yə görə əlverişli nəticə deyil. "Qırmızı-qaraların" mövcud heyətlə cavab oyununda müsbət nəticə qazanması yalnız möcüzə sayəsində baş verə bilər. Ancaq komanda debütant olduğu üçün heç olmasa cavab qarşılaşmasında məğlub olmamaq üçün çalışmalıdı. Bu bir qədər çətin görünsə də, rumın çalışdırıcı gələcəkdə "Qəbələ"nin sükanı arxasında uğur qazanacağına işarə verməlidi.
 
EMİN SƏFƏROV
Shares: