Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu qurumun başında boşuna dayanmayıb. O, klublarımızın nəyə qadir olduğunu hamıdan yaxşı bilirmiş.
 
Avrokubokların püşkü atılandan sonra rəqibləri dəyərləndirən bir çox futbol adamının içində yalnız o “Qəbələ”nin halına acıyıb bəxtlərinin gətirmədiyini dedi. İlk oyunlardan sonra isə bəlli oldu ki, əyalət klubunun mövsüm ərzində çəkdiyi əziyyətin mükafatı elə gedib Bosniya və Hersoqovinanı gəzmək olacaq.
 
Musayev münəccim deyil, heç “Şiroki Briyeq”i təhlil edəcək qədər güclü analitik də sayılmır. Sadəcə, PFL prezidenti yəqin ki, “Qəbələ” rəhbərliyini vəziyyətdən çıxarmaq üçün belə deyib. Axı, kor da görərdi ki, “Qəbələ” Avropa Liqasına məhəllə çempionatına hazırlaşırmış kimi yanaşırdı. Ona görə də onları tənqid etməkdənsə, rəqibin gücünü şişirtdi ki, sonra klub rəhbərliyinin əlində bəhanə olsun.
 
“Qəbələ” bu aqibəti özü seçdi. Özümüz də gördük ki, “Şiroki Briyeq” əlahiddə gücə malik komanda deyildi və bu komandanı yenmək olardı. Amma bizimkilərin məhz işi düzgün qurmamasının nəticəsində növbəti mərhələyə vəsiqə ilk oyundaca rəqibə hədiyyə edildi. Söhbət transferlərdən, baş məşqçi seçimindən, ümumiyyətlə, hər şeydə yubanmadan gedir.
 
Dorinel Muntyanunun məşqçi bacarığını qiymətləndirmək üçün hələ çox tezdi. O, işə təzə başlayıb, eyni zamanda əlində lazımi material da yoxdu. Vaxt azlığı və heyət çatışmazlığı rumın çalışdırıcının özünümüdafiə imkanlarını genişləndirir. Ancaq klub rəhbərliyinin belə imkanı yoxdu. Çünki hər şeyə görə onlar cavabdehdi. Ötən mövsüm komandanı çiynində daşıyan futbolçuların əksəriyyəti indi heyətdə yoxdu; onları əvəzləmək üçün ciddi transfer edilməyib; İvaylo Petevin təyinatıyla bağlı oyun-macəradan sonra ciddi vaxt itkisinə yol verilib; Muntyanu seçimi də daha çox məcburiyyətdən atılan addımdı.
 
“Qəbələ” Avropa Liqasına faktiki olaraq 12-13 hazır futbolçu ilə yollanıb. Hücumda Viktor Mendiyə dəstək verən kimsə yoxdu, orta xətdə əsl lider, yaradıcı oyunçu gözə dəymir, müdafiədə isə məcburiyyətdən heyətə qoyulan futbolçular var. Oyunu canlandıracaq, komandaya yeni nəfəs gətirəcək əvəzedici qüvvə yoxdu və bu amili “Qəbələ” rəhbərliyi nəzərə almalıydı. Düzdü, bildiyimizə görə Yuri Syomin buradan büdcənin azaldılması üzündən qaşıb, elə İbrahim Niasse və Daniel Subotiç kimi liderlər də maaş məsələsində razılaşa bilmədikləri üçün daha “Qəbələ”də deyil. Ancaq bu, bəhanə ola bilməz.
 
Avrokuboklarda debüt edən komanda daha yaxşı heyət qurmağa borclu idi. Baş məşqçi postuna Muntyanu kimi tanınan birini gətirirsənsə, ona istənilən materialı da verməlisən. Yox, əgər büdcən güclənmək üçün, layiqli mübarizə üçün yetərli deyilsə, o zaman minimal imkanlarla maksimuma can atan Kaxaber Sxadadze kimi məşqçi tapmalısan. Necə ki, gürcü çalışdırıcı zəhmətin, işə düzgün yanaşmanın bəhrəsini Moldovada gördü. Məhz onun yığdığı ortabab heyətin hazırlığa xeyli əvvəldən, qəbələlilər hələ yuxuda olarkən başlamasının nəticəsi idi ki, “Tiraspol”u səfərdə məğlub etmək mümkün oldu.
 
İndi vəziyyət aydındı. Möcüzə baş verməsə, “İnter” növbəti mərhələyə adlayacaq. “Koper” kimi ciddi hazırlıq keçmiş komandayla qarşılaşacaq “Neftçi” də “bankirlər”lə birgə üçüncü mərhələyə adlamaq üçün çalışacaq. Ancaq bəri başdan deyə bilərik ki, getdikcə rəqiblər çətinləşir və “Qəbələ”nin startda üzləşdiyi aqibət digər komandalarımızı da gözləyir. “İnter” hər nə qədər yaxşı məşqçiyə sahib olsa da, “Elfsborq”u yenmək üçün heyət də normal olmalıdı. Elə “Neftçi” də bu baxımdan axsayır və məqsədə şatmaq asan olmayacaq. Doğrusu, “Qarabağ” da Çempionlar Liqasında lap uzağa gedəcək gücdə deyil, heyət yetərsizdi. Bu gedişlə onlar da tezliklə Avropa dəftərini tezliklə bağlayıb Musayevin çempionatında gücünü bir-birinə göstərməklə məşğul olacaq. Yəqin ki, o zaman Ramin bəy də onların çempionluq perspektivi haqda proqnoz verəcək və yanılmayacaq…
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp