"Qəbələ" Avropa Liqasına vəsiqə qazandıqdan sonra rəqibini doğma azarkeşləri önündə qəbul etmək üçün əlindən gələni etmişdi. İşıq dirəkləri, tablo quraşdırıldı, oturacaqların sayı çoxaldıldı, media nümayəndələri üçün otaq ideal vəziyyətə gətirildi və s.
 
“Şiroki Briyeq”lə qarşılaşmaya da maraq olduqca böyük idi. Stadiona təşrif buyuranlar tribunada bir dənə də olsun boş yer qoymamışdı. Hətta oyunu ayaq üstə izləyənlər də var idi.
 
Ancaq bütün görülən işlərə baxmayaraq, komanda azarkeş dəstəyindən məhrum oldu. Çünki tribunları azarkeşlər yox, tamaşaçılar doldurmuşdu. Ötən mövsüm ərzində komandanın səfər və ev matçlarında gördüyümüz fan-klubdan isə əsər-əlamət yox idi. Onlar əvvəlki matçlara nisbətən bu qarşılaşmaya az sayda və "Qəbələ"yə dəstək olmaq üçün yox, sanki öz məqsədləri üçün gəlmişdilər. Belə olmasaydı, "Qəbələ"ni sonadək dəstəkləyərdilər.
 
Matç ərzində hazırda fəaliyyətini dayandıran fan-klubun nümayəndələri klub prezidenti ilə görüşmək istədiklərini bəyan etməklə yanaşı, vitse-prezidentin istefasını da tələb etdilər. Əslində, onların yaşlarının az olmasını nəzərə alsaq, bunu bacaracaq gücdə deyillər. Çünki indiyə qədər Azərbayanda heç bir azarkeş ordusu klub rəhbərliyini istefaya göndərə bilməyib. Bu səbəbdən qəbələlilərin də Fariz Nəcəfovu işindən edə biləcəyi inandırıcı deyil.
 
Bəs, görəsən, əvvəllər rəhbərlikdən hər cür dəstəyi alan fan-klub nümayəndələrinin fikri niyə 180 dərəcə dəyişdi? Bunu araşdırdıqda bir sıra maraqlı məqamlarla rastlaşdıq.
 
Belə ki, bir müddət öncə kənar bir şəxs başqa bir fan-klub yaratmaq adı ilə mövcud fan-klub üzvlərinə müraciət edib. Klubun fan-klubun üzvləri isə bunu komandanın rəhbərliyinin işi olduğunu düşünərək, inciyib, küsüblər.  Klub tərəfindən mövcud fan-klubun rəhbərinə dəfələrlə zəng olunsa da, o telefonlara cavab verməyib. Fan-klubun rəhbəri olduğu üçün komandanın işçisi sayılan şəxsə başqa adamlarla xəbər göndərib işinin başına geri dönməyi istəsələr də, o, yenə də bunu rədd edib. Klub da onun işini davam etdirməyəcəyini düşünərək fan-klubun bir sıra nümayəndələrinin maaşını kəsib. Klub tərəfindən atılan bu addım isə onların qəzəbinə səbəb olub.
 
"Qəbələ"nin vitse-prezidentinin istefaya çağırılmasının əsas səbəbi isə bəzi yerli azarkeşlərin yerlibazlıq meylləridi. Onlar bunu dünən gecə sosial şəbəkələrin birində qeyri-rəsmi səhifədə "torpaqsızlar, çıxın, gedin torpağımızdan!" yazmaqla da sübut etdilər. Bir sözlə, vaxtı ilə “pula görə komandamızı sevmirik” deyən bəzi azarkeşlər son matçda bunun əksini nümayiş etdirdilər. Həm də əksəri asyaşlılar olan bu qrup bunu kimlərinsə təşkilatçılığı ilə həyata keçirir. Amma onlar unudur ki, Qəbələdə futbol heç də yerli hakimiyyət qurumlarının sayəsində yox, məhz indi bəyənmədikləri kənar şəxslərin gəlişindən sonra populyarlaşıb, kimlərsə bundan sonra çörək sahubu olub, yerli gənclər pis vərdişlərdən qorunaraq idmana, sağlam həyat tərzinə cəlb olunub. Sözsüz ki, şəxsi münasibətlərin pozulmasına görə "torpaqsızlar" ifadəsini işlətmək yersizdi. Çünki yerlibazlığa görə tarix boyu başımıza min bir bəlalar gəlib. Onu da nəzərə almaq lazımdı ki, torpağı olanın da, olmayanın da sonu elə qara torpaqdı. Qəbələnin qara torpağının üzərinə yaşıl örtüklü stadionlar tikən isə indiki rəhbərlikdi. Düşünün, onlar getdi, siz qaldız, klub da yoxdu. Bəs, kimə azarkeşlik edəcəksiniz?
 
ABBAS
 
P.S. Klub rəhbərliyinin də bu işdə müəyyən günahı var. Onlar onsuz da sayı az olan azarkeşləri stadionlardan qaçaq salmamaq üçün maksimum səy göstərməlidi. Həm də bunu muzdlu azarkeş tutmaqla yox, yaxşı işlər görməklə etmək lazımdı. Komanda lazımınca gücləndirilsəydi və “Şiroki Briyeq”ə qarşı daha yaxşı oyun sərgilənsəydi, yəqin ki, nə istefa şüarları səslənəcək, nə də inciklik bu səviyyədə böyüyəcəkdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp