Ötən gecə "Qəbələ" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bosniya və Herseqovina "Şiroki Briyeq"inə məğlub oldu. Futbolinfo.az xəbər verir ki, 2:0 hesabıyla qələbə qazanan bosniyalılar vətənə sərfəli nəticə ilə döndülər.
 
"Şiroki Briyeq"in matçdan əvvəl heyətində ciddi itki var idi. Belə ki, komandanın əsas qapıçısı Antonio Soldo oyundan öncəki məşqdə zədələnmişdi. Onun yerinə ikinci qapıçı kimi meydana daxil olan Luka Bilobrk demək olar ki, rəqib tərəfdən elə də ciddi narahat olunmadı. Matçdan sonra qapıçı oyunla bağlı bir sıra suallara cavab verdi: 
 
– Öncə oyunla bağlı fikirlərinizi bilmək istərdik…
– Bizim üçün çətin matç oldu. İlk hissədə elə də ürəkaçan oyun sərgiləmədik. Buna görə “Qəbələ” topa daha çox nəzarət edirdi. Fasilədə baş məşqçi fərqli taktikada oynamağımızı istədi. Nəticədə iki top vurmaqla meydandan qalib ayrıldıq.
 
– Bu nəticədən sonra demək olarmı ki, cavab qarşılaşamsı sizin üçün sadəcə, formal xarakter daşıyacaq?
– Hələ qarşıda cavab oyunu var. Ona görə də tələsmək lazım deyil. Cavab qarşılaşmasında nəticə fərqli ola bilər. İndidən cütün müqəddaratını həll etdiyimizi düşünmürük. Sona qədər mübarizə aparmalıyıq.
 
– 2:0 hesabıyla qalib gələcəyinizi gözləyirdiz?
– Düzü, belə bir nəticə gözləmirdik. Bizə səfərdə qolsuz heç-heçə də kifayət edirdi. Ancaq daha yaxşı nəticə qazandıq. Buna baxmayaraq, arxayınlaşmaq lazım deyil.
 
– "Qəbələ" gözlədiyiniz oyunu nümayiş etdirə bildi?
– "Qəbələ"nin bir neçə oyununu izləmişdik. Bizim tanıdğımız "Qəbələ"ni  bu gün (dünən red.) meydanda görmədik. Bu dəfə zəif çıxış etdilər. Görünür, hələ tam hazır olmayıblar. Komandada daha əvvələr çxış etmiş Daniel Subotiçin yoxluğu hiss olunurdu. O olsaydı, nəticə fərqli də ola bilərdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp