AZAL klubunun yeni transferi – moldovalı qapıçı Stanislav Namaşkonun futbolinfo.az saytına müsahibəsi
 
– İlk dəfədi ki Azərbaycana gəlmisiz. Ölkə çempionatı və AZAL-la bağlı necə məlumat əldə etdiniz?
– Menecerim dedi ki, Azərbaycan Premyer Liqasından yaxşı təklif var. Düzdü, əvvəllər AZAL haqqında elə də məlumatlı deyildim, amma sonra araşdırdım və gördüm ki, bu komanda hər cür şəraitə malikdi. İnfrastruktur və yaşamaq baxımından Bakı da yaxşı yerdi. Ona görə də gəlməyə qərar verdim.
 
– Dediz ki, gəlməmişdən öncə AZAL-la bağlı məlumat topladım. Buraya gəldikdən sonra səndə komanda ilə bağlı hər hansı fikir dəyişikliyi oldumu?
– Düzdü, əvvəll AZAL-la bağlı məlumat toplamışdım, amma gəldikdən sonra gözlədiyimdən də yüksək səviyyədə vəziyyətlə qarşılaşdım. Adətən bilmədiyin kluba gedəndə onunla bağlı təxəyyülündə ya müsbət, ya mənfi fikir yaranır. Məndə isə orta idi. Amma buraya gəldikdən sonra həm Bakının inkişafı, həm də klubdakı infrastruktur, qonaqpərvərlik, buradakıların məni yüksək səviyyədə qarşılaması və məşqlərinin səviyyəsi məni müsbət mənada təəccübləndirdi.
 
– Azərbaycanla Moldova futbolu arasında hansı müqayisələr apara bilərsiz?
– Hələ ki, hansısa müqayisələr aparmaq düzgün deyil. Çünki burada heç bir rəsmi oyunda çıxış etməmişəm, çempionatı canlı olaraq izləməmişəm. Sadəcə, bir yoxlama oyunu keçirmişəm.
 
– Moldova millisinin tərkibində güclü hücumçulara qarşı çıxış etmisiz. Azərbaycan çempionatında çıxış edən hansısa hücumçudan çəkinirsiz?
– Hələ ki, bu barədə ciddi araşdırmam olmayıb. Amma dünən “Qəbələ” və “İnter”in Avropa Liqasındakı oyunlarını izləmişəm və bu komandalar haqqında müəyyən təəssüratım var. Amma çempionatın başlamasına yaxın rəqiblərimizi daha yaxşı analiz edəcəm. O vaxt da mənim rəqib hücumçularına qarşı necə oynamağım müəyyənləşəcək.
 
– Bəs Azərbaycan çempionatında çıxış edən hansı qapçını tanıyırsız və onların hansından özünüzü daha güclü hesab edirsiz?
– Bayaq dediyim kimi, hələ ki, çempionatda oynamamışam. Ona görə də özümü kiminləsə müqayisə etməyim düzgün deyil. Heç vaxt özümü kimdənsə üstün tutmamışam. Bu, axmaqlıqdı. Çünki hər şey meydanda həll olunur. Hesab etmirəm ki, Azərbaycandakı qapıçılar zəif olsun. Çünki çempionat güclüdüsə, qapıçılar da güclü olmalıdı. Buradakı qapıçılardan ancaq Azərbaycan millisininn üzvü Kamran Ağayevi tanıyıram. 4 il əvvəl keçirilən Azərbaycan – Moldova oyunundan əvvəll onunla bağlı məlumat toplamışdım və güclü qapıçı olduğunu bilirdim. “Qəbələ”nin dünənki matçında onun çıxışını bir daha izlədim.
 
– Azərbaycanda hansı klubu daha iddialı hesab edirsiz?
– Hesab edirəm ki, ən azı bir dövrə oynamalıyam ki, hansı komandanın mənə daha çox çətinlik yaradacağını deyim. Amma avrokuboklarda mübarizə aparan komandaların bizə çətinlik yaradacağını bilirəm.
 
– AZAL bundan əvvəll elə də iddialı klub olmayıb. Yeni komandanızda hədəfləriniz nələrdi?
– Keçmişdə olan keçmişdə qalıb. Artıq növbəti mövsümü düşünürük. Klub rəhbərliyi də komandanın gücləndirilməsi ilə bağlı tapşırıq verib. Deyə bilərəm ki, növbəti mövsüm tam fərqli AZAL izləyəcəyik. Ən azından, layiqli mübarizə aparıb, yüksək yerlər uğurunda çalışacağıq. Mübarizənin uğurlu nəticəsini qazandıqda isə, peşman olmursan.
 
ELMAR VƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp