2013/14 mövsümünün sonunda “Qəbələ”dən ayrılan braziliyalı yarımmüdafiəçi Rodriqes Assisin futbolinfo.az sayıtına müsahibəsi
 
– “Qəbələ”dən niyə ayrıldız?
– Əslində “Qəbələ”də qalmağı çox istəyirdim. Uzun müddət bu klubun şərəfini qorumuşdum. İstər-istəməz, mənə doğma gəlirdi. Orada dostluq əlaqələrim var idi. Ancaq rəhbərlik məni klubda saxlamaq üçün heç nə etmədi. Ümumiyyətlə, mənə yeni müqavilə təklif olunmadı.
 
– Özünüzə yeni komanda tapa bilmisiz?
– Xeyr. Hazırda Braziliyada – evimdəyəm və heç bir təklif almamışam. Hələ ki, gözləyirəm.
 
– Sizcə, Yuri Syominin “Qəbələ”dən ayrılması klubun xeyrinə oldu, ya ziyanına? Ümumiyyətlə onunla münasibətiniz necə idi?
– Syomin mənim çox xətrimə dəydi. Onlar mənim oynadığım mövqeyə yeni futbolçu aldılar. Amma, yaxşı bilirdilər ki, ondan əvvəlki mövsüm mən “Qəbələ” üçün çox şey etmişdim. Mənə heç bir şans vermədilər. Hesab edirəm ki, onunla bağlı bu qədər danışmaq kifayətdi.
 
– “Qəbələ” komandaya yeni baş məşqçi təyin etdi. Sizcə, Dorinel Muntyanu Syomindən fərqli olaraq, nəsə edə biləcək?
– Niyə də olmasın? Ümid edirəm ki, “Qəbələ” yeni baş məşqçisi ilə çempionluq yaşayar.
 
– Deyirsiniz Syomin sizin xətrinizə dəydi. Bəs, “Qəbələ” ilə bağlı sizdə heç xoş xatirə qalmayıb?
– Xeyr. Niyə ki? “Qəbələ”də yaxşı günlərim də oldu. Mən həmişə yeni ölkəyə, çempionata gedəndə orada nəsə öyrənməyə çalışıram. Azərbaycan Premyer Liqası da inkişaf edir. Sonda, orada yaşadığım hər şey üçün minnətdaram.
 
– Belə çıxır Azərbaycan çempionatı ilə bağlı fikirləriniz müsbətdi? Yenidən buraya qayıtmaq istərdiz?
– Əlbəttə ki. Yaxşı təklif olsa, baxaram, dəyərləndirərəm. Azərbaycanda "Qəbələ"dən başqa da yaxşı, iddialı klublar var. Məni istəsələr, məmnuniyyətlə qəbul edərəm.
 
– "Qəbələ" Avropa Liqasında debüt oyununu keçirdi. Amma Bosniya və Herseqovina "Şiroki Briyeq"inə uduzdu. Bunu necə qarşıladız?
– Düzdü, “Qəbələ”nin oyununu canlı izləyə bilmədim, amma zəif təsir bağışladılar. “Qəbələ” yaxşı imkanlara və futbolçulara malik klubdu. Ümid edirəm ki, səfərdəki oyunda əllərindən gələni edib, sərfəli nəticə qazanacaqlar. Onlar Avropa Liqasında ilk dəfə çıxış etsələr də, mərhələ adlamaq çox vacibdi.
ELMAR VƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp