Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" bu gün cavab qarşılaşması üçün Bosniya və Herseqovinaya yola düşür. Futbolinfo.az xəbər verir ki, birinci təsnifat mərhələsindəki "qırmızı-qaralar"ın rəqibi olan "Şiroki Briyeq" ilk matçda 2:0 qalib gələrək, sərfəli nəticə əldə edib.
 
Təmsilçimizin şansı bir o qədər yüksək olmasa da, "Qəbələ"nin yeni transferi Cavid Hüseynov tam əksinə düşünür: "Hazırda komanda ilə birlikdə yoldayam. Bu gün Bosniyaya yola düşəcəyik. Transferin bir qədər tez alınsaydı, "Şiroki Briyeq"lə oyunda komandaya kömək edə bilərdim. Heyətdə olmasam da, komandama dəstək olmaq üçün gedirəm. Komandanın yanında olmaq lazımdı. Futbolda mümkünsüz heç nə yoxdu. İnam varsa, qələbə də olacaq. Siz bizdən qələbə gözləyin. İnşallah, ilk oyunda olan səhvləri ikinci oyunda təkrar etmərik".
 
Qeyd edək ki, cavab qarşılaşması iyulun 10-da baş tutacaq və Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp